AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kənan Kərimzadə: "Məktəbəqədər təhsilə 2025-ci ildə dövlət büdcəsindən 467.4 milyon manat vəsait sərf olunacaq"

  • + A
  • - A
  • Bu gün, 13:07

    Kənan Kərimzadə: "Məktəbəqədər təhsilə 2025-ci ildə dövlət büdcəsindən 467.4 milyon manat vəsait sərf olunacaq"


    Son illər təhsil sahəsində həyata keçirilən mühüm istiqamətlərdən biri məktəbəqədər təhsilin inkişaf dinamikası ilə bağlıdır. Cari ildə bu sahədə nə kimi işlər nəzərdə tutulub?

    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu suala cavab olaraq bildirib ki, Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfdir və bu sahənin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması” fəaliyyət istiqaməti çərçivəsində dövrün sonuna məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50%-ə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilə 2025-ci ildə dövlət büdcəsindən 467.4 milyon manat vəsait sərf olunacaq.
    Nazir müavini onu da qeyd edib ki, Məktəbəhazırlıq çərçivəsində 2024-2025-ci tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 6 minə yaxın qrupda 93 min nəfər məktəbəhazırlığa cəlb edilib, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 87 faizə çatdırılıb. Digər tərəfdən cari ildə məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında məktəbəqədər təhsilə cəlb edilmiş uşaq sayının 35 min nəfərə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 6.6 milyon manat çox olmaqla, 19.2 milyon manat vəsait nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların sayına nisbətdə əhatə səviyyəsinin cari ildə 40%-ə çatması gözlənilir.

    Bundan əlavə, 2017-ci ildən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi tətbiq olunur. Layihənin məqsədi 3-5 yaşlı uşaqların sosial-emosional inkişaf, idrak və ümumi bilik və s. üzrə bacarıqlarının artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətinin artırılmasıdır. Layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. 2023-2024-cü tədris ilində ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 1000-ə yaxın icma əsaslı məktəbəqədər təhsil qrupunda 20 minədək 3-4 yaşlı uşaq təhsilə cəlb olunub.
    K.Kərimzadə onu da qeyd edib ki, Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi həyata keçirilib. Qrant müsabiqəsi çərçivəsində 189 qrant müqaviləsi bağlanılıb və təxminən 4400 uşaq cəlb edilib:

    "Məktəbəqədər təhsil üzrə dövlət standartları və təhsil proqramının (kurikulumun) təkmilləşdirilməsi, bu sistemdə çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkili əsas hədəflərdəndir. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri peşəkar inkişaf təlimləri ilə uşaqların erkən inkişafı və təhsili sahəsində dəyişən ehtiyaclarını öyrənirlər. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimləri təşkil edilib. 2022-2023-cü illərdə 6000 nəfər təlimlərə cəlb olunub, 2024-cü ildə təlimlər 9500 nəfəri əhatə edib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR