BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərar ötən il COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Ölkəmizə aşağısı 8-10 min qonağın gəlişi gözlənilir beynəlxalq tədbirlə bağlı.
Bütün dünyanın diqqəti bizdəykən, Zərdabdan sözün əsl mənasında ekologiyanın anasını ağladan mənzərənin fotosu sosial medianı bəzədi. Söhbət Zərdabın hansısa ucqar kəndindən yox, rayona bitişik Təzəkənd kəndinin girişindən gedir. Məişət tullantılarının vaxtında təmizlənməməsi bir yana, heyvan leşlərinin basdırılmaması virusların meydan oxuduğu, canlar aldığı bir dövrdə əsl infeksiya mənbəyidir.
Fotonu tanınmış tərcüməçi Sevil Gültən xanım kəndlərinə gedərkən çəkib və sosial media hesabında ürəkağrısı ilə paylaşıb.
Azadmedia.az Sevil xanımın yazdıqlarını təqdim edir:
"Kəndimizə getmişdim. Zərdabın Təzəkənd kəndinə. Demək olar rayona bitişikdir, əslində rayon ərazisi hesab olunur, bizim pasportlarda "Təzəkənd" adı yazılmayıb, guya şəhər sakinləriyik...Kəndə girəndə belə bir " ürəkaçan" mənzərə ilə rastlaşdım. Düzdür, bu " mənzərə" həmişə olub. Amma bu dəfə zibilliyin əhatə dairəsi genişlənib. Yəqin buna səbəb bu dəfə kəndə bir az gec getməyimdir. ( Son dəfə dekabrın ortalarında getmişdim kəndə. Yəqin o vaxtdan bəri zibil daşınmayıb hələ) Hər dəfə kəndə gedəndə işimin biri də bələdiyyə sədrinə, icra nümayəndəsinə zəng etmək, kənddəki zibillik haqda onları " məlumatlandırmaq" olur. Hazırda vəzifədə olan bələdiyyə sədri, icra nümayəndəsi, eləcə də Zərdabın icra başçısı təqaüdə çıxanda dövlətə " qulluq" etdikləri üçün yüksək təqaüd alacaqlar. Çox güman ki, icra başçısı işdən çıxmazdan əvvəl " Vətənə xidmətə görə" medalla da təltif olunacaq. Neyəyim, atamın, anamın əbədi uyuduğu kəndimizə getməyim? Yoxsa zibilləri daşıtdırmaq mənim vətəndaş borcumdur? Yəni dövlətimiz o qədər kasıbdır ki, kiçik bir kəndə 5-6 zibil qabı almağa gücü çatmır? Bələdiyyə sədri kənd sakinləri ilə bu mövzuda söhbət aparsa belə zibillik yaranmaz. Avqust ayında kənddə olarkən it leşini öz pulumla daşıtdırmışam. O it leşlərindən biri rayon bələdiyyə sədrinin hər gün işə getdiyi yolun kənarında idi. Doğrudanmı bələdiyyə sədrimizin iybilmə qabiliyyəti itib? O biri it leşi isə mənim məhləmin baş tərəfində idi. Bələdiyyə sədrinə zəng edəndə ki, niyə it leşləri vaxtında daşınmayıb, mənə cavabı belə oldu: " Bağışla, bilməmişəm, yoxsa sənin məhlənin başında qaravul çəkərdim".
Onu da deyim ki, Zərdabi yurdunda bir " jurnalist " var. İyirmiillik deputatımız arabir rayona baş çəkəndə həmin "jurnalistlə" görüşür, icra başçısının tədbirlərində həmin " jurnalist" iştirak edir. Di gəl nəinki inşa, hətta düzgün imla yazmağı bacarmayan, yerlik hal şəkilçisi ilə " da-də" bağlayıcısını ayıra bilməyən həmin " jurnalistin" başı icra başçısını tərifləməyə qarışıb, rayon ərazisindəki zibillikləri gözü görmür. Ümid edirəm Zərdab Rayon İcra Hakimiyyəti Təzəkənd kəndindəki zibillikləri tezliklə aradan qaldıracaq. P. S. Zərdab rayon icra hakimiyyətinin səhifəsini işarələmək istədim, alınmadı. Bir dəfə də belə video və şəkil paylaşmışdım, yəqin məni blok ediblər".
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.