AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Qazaxıstan əməkdaşlığı türk dünyasının gücünü daha da artıracaq

  • + A
  • - A
  • 14-03-2024, 10:17

    Azərbaycan-Qazaxıstan əməkdaşlığı türk dünyasının gücünü daha da artıracaq

    Mətanət Səfərli
    YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı


    Azərbaycan-Qazaxıstan əlaqələrinin əsasını ortaq tarixi, mədəni və dini dəyərlər təşkil edir. Xalqlarımızın ənənəvi dostluq və qardaşlıq əlaqələrinin tarixi kökləri vardır. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

    Hazırda Azərbaycan-Qazaxıstan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir.

    İki ölkə arasında əməkdaşlıq həm ikitərəfli formatda, həm də çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT-nin yaradılmasında və inkişaf etdirilməsində xüsusi fəallıq nümayiş etdiriblər.

    44 günlük Vətən müharibəsində Qazaxıstan Azərbaycanın yanında oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Qazaxıstan bu gün də işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir.

    Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə martın 11-də ölkəmizə səfər edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev burada çox mühüm sazişlərə, əməkdaşlıq sənədlərinə, layihələrə imza atdı.

    Ümumiyyətlə, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter daşıyır.

    Tokayevin Azərbaycana dövlət səfəri zamanı əməkdaşlığımızın əsas elementlərindən biri olan nəqliyyat-tranzit məsələsi müzakirə olundu. Dünyada Orta Dəhlizin əhəmiyyətinin artdığı bir zamanda Türk dünyasının güclü olması və ortaq mövqe sərgiləməsi olduqca vacibdir. Çünki əvvəllər Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına daşınması əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkündür. Bu da əlavə böyük vaxt itkisinin aradan qaldırılması deməkdir. Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə ölkəmizə ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır. Bu da dəhlizin gələcək inkişafından xəbər verir.

    Azərbaycan ilə Qazaxıstan enerji sektorunda uğurlu əməkdaşlıq edirlər. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Qazaxıstanın xam neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına çıxarılması buna əyani misaldır. Xam neftin Azərbaycanda emalı və onun dünya bazarına ötürülməsi uğurlu əməkdaşlıqdan xəbər verir.

    Ümumilikdə indiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi qeyd edilir.

    Ölkələrimizin başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Tokayevin işğaldan azad olunmuş tarixi yurd yerlərimizə səfər etməsi Qazaxıstanın haqq savaşında ölkəmizə ardıcıl dəstəyinin davamı idi.

    Türk dövlətləri arasında əlaqələrin inkişafı nəticə etibarı ilə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına səbəb olacaq, təşkilatı daha da gücləndirəcək. Böyük türk ailəsinin formalaşması istiqamətində siyasi liderlərin gördüyü işlər, atdığı addımların strateji hədəfləri olduqca aydındır. Ümid edək ki, Orta Asiyadakı digər türk dövlətləri də bu ailənin qorunub saxlanılması və güclənməsi üçün Qazaxıstan qədər prinsipiallıq nümayiş etdirəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR