AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq aspirant Şəki İnzibati Məhkəməsinin İnzibati Kollegiyasından ədalətli qərar gözləyir

  • + A
  • - A
  • 17-05-2024, 16:53

    Sabiq aspirant Şəki İnzibati Məhkəməsinin İnzibati Kollegiyasından ədalətli qərar gözləyir

    Bu günlərdə redaksiyamıza Azərbaycan Texniki Universitetinin (AzTU) sabiq aspirantı Yahyayev Coşqun Dünyamin oğlu tərəfindən müraciət daxil olub. Coşqun Yahyayev müraciətində qeyd edir ki, “Mən Azərbaycan Texniki Universitetinin sabiq rektoru, professor H. Ə. Məmmədovun 08 dekabr 2006-cı il tarixdə imzaladığı 91-T(s) nömrəli əmri əsasında, Azərbaycan Texniki Universitetinin 05.02.02 “Maşınşünaslıq, maşın hissələri və ötürmə sistemləri ixtisası üzrə aspiranturaya (əyani) daxil olmuşam. “Maşın detallar və yükqaldıran nəqliyyat maşınları” kafedrasının 26 yanvar 2007-ci il tarixli iclasının 4 saylı və “Texnoloji maşınlar” fakültəsinin Elmi Şurasının 28 fevral 2007-ci il tarixli iclasının 6 saylı protokol çıxışlarına əsasən, dissertasiya işimin mövzusu “İnteqal valların yerləşmə xətalarının muftaların etibarlığına təsirinin qiymətləndirilməsi” kimi (elmi rəhbərlər t. e. d, prof. Ayaz Abdullayev və İ. Ə. Xəlilov) təsdiq olunmuşdur. Mən “Maşın detallar və yükqaldıran nəqliyyat maşınları” kafedrasının aspirantı olaraq, ailə vəziyyətimlə əlaqədar təkrar aspiranturaya bərpa olunmaq şərtilə, aspiranturadan xaric olunmağımla bağlı 11 iyun 2008-ci il tarixdə sabiq rektor, professor H. Ə. Məmmədova yazılı ərizə ünvanladım. Qeyd edim ki, həmin vaxt rəhbərlik yazmış olduğum ərizəmi əsas tutdu və 12 iyun 2008-ci il tarixli 47-T(s) nömrəli əmr əsasında mən aspiranturadan xaric olundum. Onu da bildirim ki, yazılı ərizəm əsasında Azərbaycan Texniki Universitetinin sabiq rektoru, professor H. Ə. Məmmədovun 12 iyun 2008-ci il tarixdə imzaladığı 47-T(s) nömrəli əmrdə, “Ailə vəziyyəti ilə əlaqədar olaraq “Maşın hissələri və YQNM” kafedrasının aspirantı Yahyayev Coşqun Dünyamin oğlu bərpa hüququ saxlamaqla aspiranturadan xaric edilsin” qeyd olunub.

    23 iyun 2022-ci il tarixdə isə, doktoranturaya bərpa olunmağımla bağlı rəhbərliyə yenidən müraciət ünvanladım. Bu müraciətim əsasında mənə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq olunmuş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”nda doktorantların bərpa olunması ilə bağlı müddənı əsas tutaraq imtina cavabı verdilər. Hətta, faciə odur ki, müraciətim əsasında məni doktoranturaya bərpa etmək əvəzinə, mənə yenidən doktoranturaya sənəd verməyimi də tövsiyyə edirlər. Qeyd edim ki, təhsil aldığım dövrdə Azərbaycan Texniki Universitetində doktorantura təhsil pilləsi olmamışdır və mən bərpa hüququm saxlanmaq şərtilə aspiranturadan xaric olunmuşam. Bundan əlavə, 11 iyun 2008-ci il tarixdə Azərbaycan Texniki Universitetinin sabiq rektoru, professor H. Ə. Məmmədovun adına yazmış olduğum ərizəni, şəxsən rektorun özü imzalamışdır. O halda ortaya çoxsaylı suallar çıxır. Yəni, sual oluna bilər ki, sonrakı vaxtlarda təhsil qaydalarının dəyişdirilməsində günahkar mənəm? Axı, ərizəmdə bərpa hüququm saxlanmaq şərtilə mən aspiranturadan xaric olunmuşam və ərizəmə şəxsən rektorun özü imza atıb.

    Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə əsasən həm fiziki, həm də hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran, yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi isə geriyə şamil olunmur. Ona görə də hesab edirəm ki, üzüzə qaldığım bu məsələ ilə bağlı Şəki İnzibati Məhkəməsinin İnzibati Kollegiyası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərini əsas tutaraq, Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarını ləğv edəcək və yeni ədalətli qərar qəbul edəcək. Əslində, Şəki İnzibati Məhkəməsi çıxarmış olduğu belə bir qərarı ilə mənim təhsil hüququma qanunla nəzərdə tutulmayan qaydada müdaxilə edib. Bu da ciddi qanun pozuntusudur”.

    Mövzu diqqətimizdədir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR