Azərbaycanda 2024-cü ildə elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Zaman Art Gallery”-də 16-19 may tarixlərində "Təbiətin sehri" adlı sərgi təşkil olunub. Sərginin əsas mövzusu öz səxavətini insanlarımızdan əsirgəməyən doğma təbiətimizin gözəlliyini nümayiş etdirmək, onu qorumağa və onun sərvətlərindən məqsədyönlü şəkildə istifadə etməyə bir çağırışdır.
QHT.az xəbər verir ki, sərgidə iki rəssamın - Nigar Quluzadə və Nərmin Abdullayevanın əsərlərini təqdim edib.
“Kəpənəklər dünyanın ən gözəl canlılarındandır. Onlar həm də inanılmaz dərəcədə zərif və kövrəkdirlər, - deyə rəssam Nigar Quluzadə təəssüratlarını bölüşür. Ona görə də mən bu silsilə əsərlərimi insanın təbiətə münasibətinə istinad edən sərgi üçün seçdim. Mənim kəpənəklərim sanki təbiətin adından seyrçiyə pıçıldayır: “Məni mühafizə etmək və qorumaq lazımdır...”
“Mən təbiəti çox sevirəm və yalnız onun qoynunda rahatlıq tapıram, - rəssam Nərmin Abdullayeva deyir. Quşların nəğməsi, çiçəklərin qoxusu, dənizin uğultusu və ya yağışın səsi daim mənim ilham mənbəyimdir... Ən çox sevdiyim fəsil isə bahardır və ona görə də əsərlərimdə ən çox bu fəsil təsvir olunur. Ümumi götürüldükdə isə, təbiət mövzusu mənim həyatımın və yaradıcılığımın əsas qayəsini təşkil edir.”
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetirmələri və Azərbaycan rəssamlar ittifaqının üzvləri olan Nigar Quluzadə və Nərmin Abdullayeva çoxsaylı yerli və beynəlxalq sərgilərin, simpoziumların iştirakçısı olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.