Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası 2025-ci ildə istifadəyə veriləcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanının ACWA Power şirkətinin sədr müavini Raad əl-Səadi arasında keçirilən görüşdə danışılıb.
İclasda, həmçinin ixrac imkanları çərçivəsində 200 MVt gücündə akkumulyator enerjisinin saxlanması sisteminin (BESS) və 200 MVt gücündə quruda külək enerjisinin yaradılması layihələrinin icrası müzakirə edilib.
Qeyd edək ki, Azərbaycanda ən böyük Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini Səudiyyə Ərəbistanının ACWA Power şirkəti həyata keçirir. Bu, xarici investisiyaların cəlb edilməsi ilə ölkədə bərpa olunan enerji mənbələri üzrə həyata keçirilən ilk sənaye layihəsidir.
Stansiyada ildə 1 milyard kilovatsaat elektrik enerjisi istehsalı planlaşdırılır ki, bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə və 400 min tondan çox CO2 emissiyasının qarşısını almağa imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.