Təhsil eksperti Böyükağa Mikayıllı müəllimlərin 8 iyul 2024-cü il tarixində keçirilən təkrar sertifikatlaşdırma imtahanında zəif nəticə göstərmələrinə münasibət bildirib.
Qeyd edib ki, müəllimin öz ixtisasını zəif bilməsi, yalnız bu günün deyil, dünənin və gələcəyin problemidir. Odur ki, bu problemin qarşısı bu gün ciddi şəkildə alınmalıdır. Bugünün şagirdi dünənkindən fərqləndiyi kimi, gələcəyin də şagirdi bugünkündən tamamilə seçiləcək. Odur ki, təhsil sistemi gələcəyə bilikli, intellektual hazırlıqlı müəllimlərlə getməlidir. Bunun da ən optimal yolu sertifikatlaşdırmadır. “Amma müəllimin ixtisası ilə bağlı elementar suallara cavab verə bilməməsi təəssüf doğurur”, deyə ekspert bildirib. Onun sözlərinə görə, yaxşı müəllim yalnız şagird üçün deyil, ümumiyyətlə cəmiyyət üçün əvəzolunmaz nemətdir. Müəllim öz peşəsinə bu məsuliyyəti dərk edərək yanaşmalıdır. Peşəsini lazımı səviyyədə bilməyən müəllimin dərs prosesində boşluqlara, yanlışlıqlara da yol verməsi labüddür. Dərsin hər bir dəqiqəsi şagird üçün öyrənmək, müəllim üçün isə öyrətmək baxımından əhəmiyyətlidir. Asan suallara cavab verə bilməyən müəllimin şagirdi doğru yol üstünə qoya bilməsi şübhə doğurur. Təhsilin keyfiyyətini müəllim formalaşdırır. Sadə bir sualın cavabında yanlışlıq edən müəllim keyfiyyət yarada bilməz.
Müəllimin sertifikasiyadan zəif nəticə göstərməsinin səbəblərinə toxunan B.Mikayıllı qeyd edib ki, bunun əsasında mütaliəsizlik, müəllimin peşəkar bacırıqlarını təkmilləşdirməməsi, yenilikləri öyrənməməsi, peşəsinə müasir tələblər səviyyəsində yanaşmaması, dərs prosesinin yalnız 45 dəqiqədən ibarət olduğu qənaəti ilə işləməsi dayanır. “Müəllimin əlində özünütəkmilləşdirmə proqramı olmalıdır. Müəllim öz biliklərini artırmağa hər gün müəyyən qədər zaman ayırmalıdır. Bu yanaşma müəllimin biliklərini sistemli şəkildə inkişaf etdirməklə, onu peşəsinə və sertifikasiyaya tam hazırlıqlı vəziyyətə gətirəcək. Özünü təkmilləşdirə bilməyən, yaxud buna cəhd etməyən müəllimin şagirdin bilik və bacarıqlarını təkmilləşdirə bilməsi absurddur. Ümumiyyətlə, sertifikasiyada uğur qazanmağın təməlini bilik və peşəkar bacarıqların daim inkişaf etdirilməsi təşkil edir. Bilik və bacarıqlardakı boşluqlar addım-addım, mərhələ-mərhələ aradan qaldırılmalıdır. İstənlilən uzun yol ilk addımdan başlayır və bir gün mənzil başına varılır”, deyə ekspert vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.