AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

B.Britaniya Aİ ilə əlaqələri bərpa edir

  • + A
  • - A
  • 16-05-2025, 16:54

    B.Britaniya Aİ ilə əlaqələri bərpa edir

    Brexit-dən sonra ilk dəfə Böyük Britaniya ilə Avropa İttifaqı arasında yüksək səviyyəli zirvə Londonda – Lancaster House-da baş tutdu. Görüşdə əsas diqqət təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın yenidən qurulmasına yönəlib. Tərəflər aylardır üzərində işlənən “Birləşmiş Krallıq–Aİ Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı” sənədini müzakirəyə çıxarıblar. Bu ideya hələ Brexit danışıqları dövründə ortaya atılsa da, ilk dəfə konkret çərçivəyə salınır.

    Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, keçmişdəki fikir ayrılıqlarına baxmayaraq, dəyişən dünya şəraiti əməkdaşlığı qaçılmaz edir. Müxalifətdəki Mühafizəkarlar Partiyası isə bu addımın Britaniyanın NATO-dakı rolunu və müdafiə müstəqilliyini zəiflədə biləcəyini deyir. Hökumət isə bu əməkdaşlığın NATO-ya alternativ deyil, tamamlayıcı xarakter daşıdığını vurğulayır.

    Zirvədə, həmçinin sərhəd yoxlamalarının sadələşdirilməsi və Aİ ilə "baytarlıq sazişi" imzalanması da gündəmdə olub. Bu, qida və içki məhsullarına tətbiq olunan sərhəd nəzarətini azaltmaqla ticarəti asanlaşdırmağı hədəfləyir. Britaniyadakı ərzaq şirkətləri Brexit-dən sonra Aİ bazarında rəqabət imkanlarının azaldığını bildirirlər.

    Gənclər üçün qarşılıqlı şəkildə yaşamaq və işləmək hüququ verən “hərəkətlilik sazişi” təklifi də diqqət çəkib. Britaniya artıq bu tip razılaşmaları Avstraliya, Yaponiya və Yeni Zelandiya ilə bağlayıb. Balıqçılıq mövzusunda isə 2026-cı ildə başa çatacaq müvəqqəti razılaşmadan sonra danışıqların gərginləşəcəyi gözlənilir.
    Baş nazir Keir Starmer bu görüşü “pragmatik və konstruktiv” əməkdaşlığın başlanğıcı kimi təqdim edib. O, Böyük Britaniyanın Gömrük İttifaqına və Vahid Bazar qaydalarına qayıtmayacağını desə də, məqsədin Brexit-i praktik və faydalı hala gətirmək olduğunu vurğulayıb. Analitiklər bu zirvəni böyük siyasi dönüş nöqtəsi yox, lakin gələcək inteqrasiyalara zəmin yaradan vacib addım kimi qiymətləndirirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR