III Çarlz D.Trampa cavab verib
İngiltərə Kralı III Charles, Kanadanın federal parlamentində etdiyi çıxışla ABŞ Prezidenti Donald Trampın mübahisəli açıqlamalarına və Kanada-nı ABŞ-ın 51-ci ştatına çevirmək yönündəki təkliflərinə incə, lakin aydın bir cavab verdi. Kral, nitqində ad çəkməsə də, Trampın son aylarda dəfələrlə dilə gətirdiyi "Kanada ilə ABŞ arasında artıq sərhədin olmaması" və "bu iki ölkənin birləşməsinin zəruri və məntiqli olması" kimi fikirlərini nəzərə alaraq, Kanadanın suverenliyinə və azadlığına tam dəstəyini bildirdi.
Parlament üzvlərinin böyük alqışları ilə qarşılanan çıxışında Charles, “Kanada, Kanada olaraq qalacaq” ifadəsi ilə həm Trampın fikirlərinə birbaşa cavab verdi, həm də Kanada xalqının dəyərlərinə hörmətini ifadə etdi. O vurğuladı ki, demokratiya, çoğulçuluq, hüququn aliliyi, öz müqəddəratını təyin etmə hüququ və azadlıq — bunlar Kanadalıların qürurla sahib çıxdığı və dövlətin qorumağa sadiq olduğu əsas prinsiplərdir.
Çıxışı təxminən yarım saat davam edən III Charles, yalnız siyasi suverenlik mövzusuna toxunmadı, həm də Kanadanın qarşısında duran digər sosial və iqtisadi problemlərdən – münasib qiymətə mənzil çatışmazlığı, ətraf mühitin mühafizəsi, yerli xalqların hüquqları və sərhəd təhlükəsizliyi məsələlərindən danışdı. Bu, kralın yalnız simvolik deyil, eyni zamanda sosial həssaslığa malik bir dövlət başçısı olduğunu göstərdi.
Donald Tramp isə son dövrlərdə Kanadanı ABŞ-ın tərkibinə qatmaq ideyasını açıq şəkildə dəstəklədiyini dəfələrlə bildirib. O, bu ölkəni ABŞ-a hər il yüz milyardlarla dollar dəyərində iqtisadi üstünlük təmin etməkdə ittiham edərək, bu dəstəyin yalnız Kanada ABŞ-ın 51-ci ştatı olduqda "məntiqli" olacağını iddia edib. Tramp, “bu torpaq kütləsinin birləşməsi hər cəhətdən faydalı olar, heç bir ziyanı yoxdur” deyərək, sərhədlərin artıq mənasız olduğunu bildirmişdi.
Lakin bu cür açıqlamalar, nə Kanada ictimaiyyəti, nə də onun tarixi müttəfiqləri tərəfindən müsbət qarşılanmayıb. İngiltərə kralının çıxışı isə bu narahatlıqlara bir növ cavab və Kanada xalqına verilən açıq bir dəstək mesajı kimi qiymətləndirildi.
Kanada, İngiltərə Krallığının bir hissəsi olmasa da, Britaniya monarxiyasının simvolik rəhbərliyini qəbul edən 16 ölkədən biridir. Bu baxımdan, kralın Kanadaya səfəri və burada etdiyi çıxış həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. III Charles bu çıxışı ilə Kanada xalqına və beynəlxalq ictimaiyyətə bir daha bildirdi: Kanada yalnız coğrafi deyil, eyni zamanda siyasi və mədəni cəhətdən də müstəqil və azad bir dövlətdir — və elə də qalacaq.