İNDONEZİYADA GƏMİ YANĞININDA 5 NƏFƏR ÖLÜB
İndoneziyada gəmi yanğını və ölkənin başqa bölgəsində genişmiqyaslı meşə yanğınları baş verib. Sulavesi adasının yaxınlığında baş verən bərə yanğını azı 5 nəfərin həyatına son qoyub, onlarla insan isə dəhşətli anlar yaşayıb.
Talaud adalarından Manado şəhərinə doğru hərəkət edən KM Barcelona 5 sərnişin bərəsi dənizdə yanmağa başlayıb. Yanğın nəticəsində gəmidə olan yüzlərlə sərnişin təhlükə ilə üz-üzə qalıb. Xilasedicilər və yerli balıqçılar birgə səylərlə 284 nəfəri xilas edə biliblər. Ölənlər arasında hamilə qadın da olub.
İndoneziya Donanması KomandanıGen. Mayor Denih Hendrata, qeyd edib ki, Yanğın baş verən anda dərhal üç hərbi gəmi göndərilib. Xilasetmə əməliyyatları davam edir. Hazırda qəzanın səbəbləri araşdırılır.
Digər bir təbii fəlakət isə ölkənin Riau əyalətində qeydə alınıb. İndoneziyanın Sumatra adasında meşə və torf sahələrinin alovlanması nəticəsində geniş ərazilər külə dönüb. Yerli hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, güclü külək və quraqlıq yanğınların sürətlə yayılmasına səbəb olub.
Rokan Hilir və Rokan Hulu bölgələrində 40 hektardan artıq ərazi yanıb. Qatı tüstü bölgədə görünüş məsafəsini bir kilometrdən də az edib. Təcili tədbirlərə baxmayaraq, bəzi yanğınlar hələ də tam söndürülməyib.
Əraziyə cəlb edilən yüzlərlə polis və hərbçi alovlarla mübarizə aparır. Riau əyalətinin polis rəisi bildirib ki, bu fəlakətə səbəb olan şəxslər müəyyən edilərək qanun qarşısında cavab verəcəklər.