Ukrayna prezidenti Volodimir Zelenski kütləvi etirazlardan sonra nəhayət yaranmış vəziyyətə aydınlıq gətirib.
Dövlət başçısı müraciətini "Telegram" kanalında dərc edib.
Prezident Ukrayna Milli Antikorrupsiya Bürosunun rəhbəri ilə danışdığını bildirib. Onun sözlərinə görə, ölkənin antikorrupsiya infrastrukturu işləyəcək, lakin bu proses "Rusiyanın təsiri olmadan" davam edəcək.
"Bu zaman ədalət daha çox olacaq", - o izah edib.
Ukrayna rəhbəri müraciətində ölkənin qaçaq məmurlarına diqqət çəkib: "Nədənsə bu adamlar xaricdə rahat şəkildə yaşayırlar. Milyardlarla məbləği əhatə cinayət işləri bir neçə ildir "havada asılı qalıb" və bunun rasional izahı yoxdur".
***
İyulun 22-də Ukrayna Ali Radası Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun müstəqilliyini faktiki olaraq ləğv edən qanunu qəbul edib.
Qanunun lehinə 263 deputat səs verib.
Həmin gün prezident Volodimir Zelenski qanunu imzalayıb.
Qanuna əsasən, İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun prokurorları ölkənin baş prokuroruna tabe olur. Baş prokuror eyni zamanda Milli Antokorrupsiya Bürosunun fəaliyyətinə müdaxilə edə biləcək, hətta aparılan bəzi işləri onlardan ala və başqa strukturlardakı prokurorlara verə biləcək.
Qanunun prezident tərəfindən imzalandıqdan sonra Ukraynanın bir sıra şəhərlərində etiraz aksiyaları təşkil olunub. Aksiya iştirakçılarının tələbləri arasında prezident ofisinin rəhbəri Andriy Yermakın istefası və yeni qanunun ləğvi var.
Kiyev meri Vitali Kliçko və onun qardaşı Volodimir (hər ikisi boks üzrə keçmiş dünya çempionlarıdır - red.) də etirazçıları dəstəkləyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.