AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-Aİ RAZILAŞMASI BİRMƏNALI QARŞILANMAYIB

  • + A
  • - A
  • Bu gün, 08:19

    ABŞ-Aİ RAZILAŞMASI BİRMƏNALI QARŞILANMAYIB

    Avropa İttifaqı və ABŞ arasında imzalanan yeni ticarət çərçivə sazişi qitədə birmənalı qarşılanmayıb. Razılaşma Aİ məhsullarının ABŞ-a idxalında 15 faizlik rüsumun tətbiqini nəzərdə tutur və bu, transatlantik ticarət müharibəsinin qarşısını almaq məqsədi daşıyır.

    Lakin razılaşmanın detallarının qeyri-müəyyən qalması və əsas sənaye sahələrinə mümkün təsirləri Avropa liderləri arasında ciddi narahatlıq yaradıb.

    Fransa Baş naziri Fransua Bayru:
    “Bu, qara gündür. Azad xalqların birliyi asılılıqla barışdı.”

    Almaniya kansleri Fridrix Merts razılaşmanın əsasən Almaniyanın ixracat yönümlü iqtisadiyyatına mənfi təsir göstərəcəyini bildirib.

    Fridrix Merts, Almaniya Kansleri:
    “15 faiz rüsum bizim iqtisadiyyat üçün böyük yükdür. Avtomobil sənayesinə ciddi zərbə vuracaq.”

    O, bununla belə, daha pis ssenarilərin qarşısının alındığını və mövcud vəziyyətdə bundan artıq əldə etməyin mümkün olmadığını deyib.

    “Əldə olunan nəticədən razı deyiləm, amma bu, ABŞ-la münasibətlərdə real vəziyyətin nəticəsidir.”

    İspaniya və İtaliya liderləri razılaşmanı ehtiyatla müsbət qiymətləndirib.

    Pedro Sançes, İspaniya Baş naziri:
    "Razılaşmanı dəstəkləyirəm, amma coşqu ilə yox. Avropa daha geniş ticarət tərəfdaşlığına ehtiyac duyur."

    İtaliyanın Baş naziri Corca Meloni isə bəzi sahələrdə, xüsusilə kənd təsərrüfatı və qaz hasilatında dəqiqliyin olmadığını vurğulayıb.

    Corca Meloni:
    "Bu, davamlı əsas yaradır, lakin hələ mübarizə aparmalı olduğumuz çox şey var."

    Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç isə sazişi strateji əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirib.

    Lakin bir çox iqtisadçılar bu rüsumların nəticələrinin yalnız Avropa deyil, ABŞ iqtisadiyyatında da inflyasiya və bahalaşma ilə müşayiət olunacağını xəbərdarlıq edirlər.

    Qərarın Trampın Şotlandiyadakı Turnberry qolf klubunda Avropa Komissiyası rəhbəri Ursula fon der Leyenlə keçirdiyi qısa görüşdən sonra elan olunması, bu razılaşmanın siyasi təsirlərinin iqtisadi aspektlər qədər ağır olduğunu göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR