ÇİNİN ŞİMALINDA DAŞQIN FƏLAKƏTİ
Çin Xalq Respublikasının paytaxtı Pekin və ətraf ərazilər son illərin ən ağır təbii fəlakətlərindən biri ilə üzləşib. Dörd gün ərzində yağan güclü yağışlar nəticəsində azı 38 nəfər həlak olub, on minlərlə insan təxliyə edilib.
Pekin Bələdiyyə Hökumətinin məlumatına görə, təkcə Miyun rayonunda 28 nəfər, Yanşin bölgəsində isə 2 nəfər həyatını itirib. Daha 8 nəfərin itkin düşdüyü qonşu Hebey əyalətində isə 4 nəfərin cəsədi çərşənbə axşamı aşkarlanıb. Beləliklə, ümumi təsdiqlənmiş itki sayı 38-ə çatıb.
Ərazidə sürüşmələrin davam etdiyi bildirilir. Rəsmi orqanlar xəbərdarlıq edir ki, vəziyyət hələ də stabilləşməyib, yeni torpaq sürüşmələri təhlükəsi qalır.
Daşqınlar elektrik və rabitə xətlərini sıradan çıxarıb, 130-dan çox kənd işıqsız qalıb, onlarla yol hissəsi yararsız hala düşüb. Təkcə Pekində 80 minə yaxın, Miyun rayonunda isə 17 min insan təhlükəsizlik məqsədilə təxliyə olunub.
Xilasedicilər fövqəladə rejimdə çalışır.
Hazırda Pekin, Hebey və Tyançin bölgələrində daşqın təhlükəsi qalmaqdadır.