TRAMP BRAZİLİYAYA 50%-LİK TARİF TƏTBİQ EDİB
ABŞ Prezidenti Donald Tramp Braziliyaya qarşı yeni ticarət tədbirləri çərçivəsində bu ölkədən idxal olunan bəzi məhsullara 50 faizədək əlavə tarif tətbiq olunmasına dair sərəncam imzalayıb. Sənəddə bu qərarın əsaslandırılması kimi “ABŞ maraqlarına təhdid yaradan iqtisadi və hüquqi davranışlar” göstərilir.
ABŞ eyni zamanda Braziliya Ali Məhkəməsinin hakimi Aleksandre de Moraesə qarşı sanksiyalar tətbiq edib və bəzi məhkəmə rəsmilərinə vizalarla bağlı məhdudiyyətlər qoyub.
Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva bu addımı ölkəsinin daxili işlərinə kobud müdaxilə adlandıraraq belə reaksiya verib:
“Bu gün Braziliya xalqının suverenliyini müdafiə etmək üçün toplantıya gedirəm. Mənim üçün bu, müqəddəs bir gündür”.
İqtisadçılar və beynəlxalq münasibətlər üzrə ekspertlər bu qərarı daha çox siyasi mesaj kimi dəyərləndirirlər. São Paulolu professor Vinicius Vieira bəzi məhsulların – məsələn, portağal şirəsinin – tarif siyahısından çıxarılmasını qismən uğur kimi qiymətləndirir.
Yeni tarif qərarının ilk real təsiri enerji sahəsində özünü göstərib. "Reuters" agentliyinin məlumatına görə, Braziliyada fəaliyyət göstərən enerji şirkətləri ABŞ-a neft ixracını dayandırıblar.
Braziliya Neft və Qaz İnstitutunun rəhbəri Roberto Ardenqi bəyan edib ki, ölkənin əsas neft ixracatçıları – "Petrobras", "Shell", "TotalEnergies", "ExxonMobil" və "Equinor" – rəsmi mövqe ortaya qoyaraq, tariflər qüvvədə olduğu müddətdə ABŞ bazarına satışları dayandıracaq.
Qeyd edək ki, neft hazırda Braziliyanın ABŞ-a əsas ixrac məhsuludur.