UKRAYNA SOÇİDƏ NEFT TERMİNALINI VURUB
Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhərində iri neft terminalında baş vermiş yanğın gecə saatlarında Ukrayna tərəfindən həyata keçirilən PUA hücumu ilə əlaqələndirilib. Rusiya rəsmiləri, xüsusilə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, yanğının dron qalıqlarının yanacaq çəninə düşməsi nəticəsində başladığını bildirib. Yanğın 127 nəfərlik yanğınsöndürən heyətinin müdaxiləsi ilə səhər saatlarında söndürülüb.
Yanğının baş verdiyi ərazinin yaxınlığında yerləşən Soçi beynəlxalq hava limanında isə uçuşlar müvəqqəti dayandırılıb.
Rusiya Müdafiə Nazirliyi yalnız ötən gecə 93 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiyanın ümumilikdə 83 PUA və 7 raket atdığını, bunlardan 61-nin məhv edildiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsinə çağırıb. ABŞ Prezidenti Donald Tramp isə Moskvaya qarşı yeni iqtisadi tədbirlərin gündəmdə olduğunu açıqlayıb.
Hazırda Rusiya-Ukrayna müharibəsində enerji infrastrukturları əsas hədəfə çevrilib. Hər iki tərəf bu istiqamətdə hücumları intensivləşdirir.