MİSİR VƏ YUNANISTAN QƏZZANI MÜZAKİRƏ EDİB
Misirin xarici işlər naziri Bədr Əbdülatı Afinada yunanıstanlı həmkarı Yorgos Yerapetritis ilə görüşüb. İki ölkə arasında əməkdaşlıq məsələləri, bölgədəki vəziyyət və dini irsin qorunması müzakirə edilib.
Görüş zamanı nazir Əbdülatı Qəzzadakı humanitar böhrana toxunaraq, beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyini tənqid edib. O, İsrailin hərbi əməliyyatlarını “soyqırıma bənzər siyasət” kimi qiymətləndirib və beynəlxalq cəmiyyətin təcili müdaxiləyə çağırıb.
“Qəzzada baş verənlərə görə beynəlxalq ictimaiyyət utanmalıdır. Biz atəşkəsə nail olmaq və günahsız fələstinlilərin qanının tökülməsinə son qoymaq üçün səylərimizi davam etdirəcəyik.”
Nazirlər həmçinin Misirin Sina səhrasında yerləşən müqəddəs Ketrin Monastırı ilə bağlı danışıqlar aparıblar. Əbdülatı monastırın dini və tarixi statusuna hörmətin tam qorunacağını vurğulayıb.
Yunanıstanın xarici işlər naziri Yerapetritis isə Qahirənin tolerantlıq və dini azadlıqlara hörmətini yüksək qiymətləndirib.
İki ölkənin liderləri yaxın zamanda müqəddəs məkanın statusuna dair tam razılığa gələcəklərinə ümid etdiklərini bildiriblər.
Görüş, Misir və Yunanıstan arasında artan diplomatik əlaqələrin və regional sabitliyə dair ortaq mövqelərin nümayişi kimi qiymətləndirilir.