İTALİYA MESSİNA KÖRPÜSÜNÜ TİKMƏYƏ BAŞLAYIR
İtaliya hökuməti onillərlə müzakirə mövzusu olan və materiklə Siciliyanı birləşdirəcək Messina boğazı körpüsünün tikintisinə start verir. 13.5 milyard avro dəyərində olan layihə bu günə qədər planlaşdırılan ən uzun asma körpü olacaq.
Rəsmi məlumata görə, layihə tam maliyyələşdirilib və yerli idarələrlə razılaşdırılıb. İtaliyanın nəqliyyat naziri Matteo Salvini körpünün yalnız mülki deyil, həm də strateji və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, körpü fövqəladə hallarda ordu, fövqəladə xidmətlər və humanitar missiyalar üçün də istifadə edilə bilər.
İtaliyanın baş naziri Giorgia Meloni isə bu körpünü ölkənin texniki bacarığının və iradəsinin simvolu adlandırıb. Dörd avtomobil zolağı və iki dəmir yolu xətti ilə təchiz olunacaq körpü saatda 6 min avtomobil və gündəlik 200 qatar keçidini təmin edə biləcək.
Müxalifət və ekoloji təşkilatlar isə layihənin seysmik risklər və ətraf mühitə təsiri baxımından ciddi narahatlıq doğurduğunu bildirir. Avropa İttifaqına layihənin ətraf mühitə təsirləri ilə bağlı şikayətlər təqdim olunub.
Tikinti işlərinə bu yay ilkin mərhələdə başlanacağı, əsas mərhələnin isə gələn ildən həyata keçiriləcəyi gözlənilir.