FRANSADA MEŞƏ YANĞINI FÖVQƏLADƏ HAL ALIB
Fransanın cənubunda, İspaniya sərhədi yaxınlığındakı Oksitaniya bölgəsində baş vermiş meşə yanğını ölkə üzrə bu yay qeydə alınan ən böyük yanğına çevrilib. Ribaute kəndində başlayan alov artıq 13 min hektardan çox – Paris şəhərinin sahəsindən böyük bir ərazini külə döndərib.
Yanğın nəticəsində bir nəfər həyatını itirib, on üç nəfər isə – o cümlədən 11 yanğınsöndürən – müxtəlif dərəcəli xəsarətlər alıb. Bir müddət itkin düşmüş hesab edilən sakin isə sonradan sağ-salamat tapılıb. Bəzi kəndlər tamamilə təxliyə olunub, iki düşərgə isə təhlükəsizlik məqsədilə boşaldılıb.
Fransa Baş naziri Fransua Bayru bölgədə vəziyyəti “misli görünməmiş fəlakət” kimi qiymətləndirib və Saint-Laurent-de-la-Cabrerisse qəsəbəsində yanğınsöndürənlərlə görüşüb. O bildirib ki, yanğın həm turizmə, həm də bölgənin əsas iqtisadi dayağı olan şərabçılığa ciddi zərbə vurur.
Yanğının qarşısını almaq üçün 2 min 100-dən çox yanğınsöndürən və su bombalayıcı təyyarələr səfərbər edilib. Cümə axşamından etibarən isə ordu bölmələri də əməliyyatlara cəlb olunacaq.
Ətraf mühit Nazirliyi bölgədə uzun müddətdir yağışların olmamasını və davam edən quraqlığı yanğının yayılmasına əsas səbəblərdən biri kimi göstərir. Elə bu səbəbdən Aude bölgəsində su istifadəsinə də məhdudiyyətlər tətbiq olunub.
Elm adamları xəbərdarlıq edir ki, iqlim dəyişikliyi səbəbindən Cənubi Avropada belə meşə yanğınlarının tezliyi və intensivliyi artır. Son illərdə Avropa qitəsi qlobal ortalamadan iki dəfə sürətlə istiləşir. Bu isə regionu yanğınlara qarşı daha həssas vəziyyətə salır.