MİSSİSİPİDƏ HELİKOPTER QƏZASI : 2 ÖLÜ
ABŞ-ın Missisipi çayı üzərində uçuş həyata keçirən bir helikopter qəzaya uğrayıb.
Missuri Ştat Yol Patrulunun verdiyi məlumata görə, helikopter güc xəttinə çırpıldıqdan sonra yaxınlıqdakı barjaya düşərək yanğına səbəb olub. Nəticədə helikopterdə olan iki nəfər həlak olub.
Hadisə ABŞ-ın İllinoys ştatının şimalında yerləşən İst Olton şəhəri yaxınlığında baş verib. Bu ərazi Sent-Luis şəhərindən təxminən 30 kilometr şimalda yerləşir.
Qəzadan sonra barjada heç kimin olmaması sayəsində əlavə insan itkisi qeydə alınmayıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə söndürməyə nail olublar.
Helikopterin, enerji şirkəti Ameren-ə məxsus güc xətlərindəki işarələyici topları və qüllə işıqlarını yeniləmək üçün istifadə olunduğu bildirilir.
Qəzanın baş verməsindən sonra çayda ticarət gəmilərinin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.