Zelenski jurnalistlərin suallarını cavablandırıb
Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi günü Ağ Evdə ABŞ Prezidenti Donald Trump ilə görüşdən sonra jurnalistlərə açıqlama verib. O, bu görüşü indiyə qədərki ən məhsuldar görüş adlandıraraq Trump-a təşəkkürünü bildirib.
Zelenski ABŞ prezidenti qarşısında döyüş xəritələrini təqdim etdiyini və Ukrayna ordusunun nəzarət etdiyi əraziləri izah etdiyini qeyd edib. O, həmçinin görüşdə iştirak edən Avropa liderlərinə təşəkkür edərək, ali müttəfiqlərin birgə mövqedə olduğunu vurğulayıb.
Prezident görüşdə müzakirə olunan əsas mövzulardan birinin “təhlükəsizlik zəmanətləri” olduğunu bildirib.
"Biz görüşdə təhlükəsizlik zəmanətlərindən danışdıq. Bu, müharibənin dayandırılması üçün əsas mövzudur. ABŞ-nin bu prosesdə açıq dəstək verməsi böyük addımdır. İkinci məsələ uşaqların qaytarılmasıdır. ABŞ-ın birinci xanımı və Ağ ev komandası bu çətin və ağrılı məsələdə bizə dəstək verəcək. Biz həmçinin məhbus mübadiləsini də müzakirə etdik. ABŞ Prezidenti Donald Tramp bu prosesi dəstəkləyir. Bu, təkcə hərbçilərə deyil, həm də mülki şəxslərə, jurnalistlərə və siyasi məhbuslara aid olacaq".
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trump və Avropa liderləri ilə Birləşmiş Ştatlar Ağ Evində keçirilən görüşdə Ukraynanın Avropa maliyyəsi vasitəsilə ABŞ-dan 90 milyard dollar dəyərində silah alması planları müzakirə olunub.
Zelenski qeyd edib ki, təhlükəsizlik zəmanətlərinin digər hissəsi Ukraynanın dron istehsalını əhatə edəcək və onların bir qismini ABŞ alacaq. bu plan hələ müzakirə mərhələsindədir və rəsmi razılaşma əldə olunmayıb. O bildirib ki, razılaşma növbəti bir həftə və ya 10 gün ərzində rəsmi formada yekunlaşacaq.
O, Trump-ın üçtərəfli görüşü dəstəklədiyini, bu görüşdə Ukrayna Prezidenti ilə Vladimir Putin arasında birbaşa dialoqun mümkün olacağını qeyd edib. O əlavə edib ki, Rusiya üçtərəfli görüşə açıq olduğunu bildirir, lakin hələlik tarix təsdiqlənməyib.
Prezident Zelenski görüşləri “isti və konstruktiv” adlandıraraq, əvvəlki müzakirələrdən fərqli olaraq heç bir mübahisənin baş vermədiyini vurğulayıb. O bildirib ki, Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq və gələcək danışıqlar üçün hərəkət planı hazırlanıb.