AVSTRALİYA-İSRAİL MÜNASİBƏTİ GƏRGİNLƏŞİB
Avstraliya ilə İsrail arasında diplomatik böhran dərinləşir. İsrail hökuməti Avstraliya nümayəndə heyətinə verilmiş vizaları ləğv edib. Bu qərar Avstraliyanın Fələstin dövlətini tanıması ilə bağlıdır.
İsrailin xarici işlər naziri Avstraliya rəsmilərinə verilən vizaların etibarsız elan edildiyini və bundan sonra Avstraliyanın İsrailə göndərəcəyi bütün rəsmi viza müraciətlərinin ciddi şəkildə araşdırılacağını açıqlayıb.
Avstraliyanın baş nazir müavini Riçard Marls isə məsələ ilə bağlı çıxışında İsrailin qərarını “məyusedici və əsassız” adlandırıb. Onun sözlərinə görə, Avstraliyanın Fələstini tanıması ölkənin uzunmüddətli mövqeyi olan iki dövlətli həll prinsipinə əsaslanır. Marls əlavə edib ki, bu addım Böyük Britaniya, Fransa və Kanada kimi ölkələrin mövqeyi ilə də uzlaşır.
Avstraliya maliyyə naziri Keti Qalaxer də İsrailin qərarına reaksiya verib. O, hazırkı mərhələdə daha çox diplomatiya və dialoqa ehtiyac olduğunu bildirib. Nazir əlavə edib ki, İsrailin bu addımı gözlənilməz deyil, çünki oxşar addımlar əvvəllər Norveç kimi digər ölkələrə qarşı da atılıb.
Avstraliya hökuməti bildirir ki, ölkə öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edəcək.