KRAL AİLƏSİ İTTİHAMLARA REAKSİYA VERİB
Norveçin vəliəhdi şahzadə Haakon ögey oğlu Marius Borg Hoibiyə qarşı irəli sürülən ittihamlarla bağlı ilk dəfə açıqlama verib. Şahzadə bildirib ki, kral ailəsi bütün çətinliklərə baxmayaraq rəsmi öhdəliklərini davam etdirəcək.
Hoibi dörd qadına qarşı təcavüz də daxil olmaqla, 32 cinayət əməlində ittiham olunur. O, ən ağır ittihamları rədd etsə də, bəzi yüngül cinayətləri etiraf etməyi planlaşdırır. Məhkəmə gələn ilin yanvarında başlayacaq və altı həftə davam edəcək.
Prokurorluq bildirib ki, ən ağır ittihamlar sübuta yetirilərsə, Hoibi 10 ilə qədər həbs cəzası ala bilər.
İstintaq ötən il başlayıb. O vaxt Hoibi münasibətdə olduğu qadına qarşı zorakılıqda şübhəli bilinmişdi. O, narkotik və alkoqol təsiri altında zorakılıq törətdiyini qəbul edib və peşman olduğunu açıqlamışdı.
QEYD EDƏK Kİ, Marius Borg Hoibi kral ailəsinin üzvü olsa da, heç bir rəsmi titula malik deyil və taxt-taca varislik hüququ yoxdur.