Tramp:"ABŞ əsgəri Ukraynaya getməyəcək"
ABŞ Prezidenti Donald Tramp Ukraynaya Amerika hərbçilərinin göndərilməyəcəyini bəyan edib. Lakin o, Rusiyanın müharibəsinə son qoymaq üçün razılaşma çərçivəsində hava dəstəyinin mümkün olduğunu istisna etməyib.
Ağ Ev mətbuat katibi Karolin Leavit də təsdiqləyib ki, Vaşinqton üçün hava dəstəyi “ehtimal olunan variant” olaraq qalır. Onun sözlərinə görə, ABŞ yalnız koordinasiya və müttəfiqlərə təhlükəsizlik zəmanətlərinin verilməsi istiqamətində addımlar ata bilər.
“Amerika əsgərləri Ukrayna torpaqlarında olmayacaq. Avropalı müttəfiqlər lazım gəlsə yerə qüvvə yerləşdirə bilər. Biz isə onlara xüsusilə hava dəstəyi ilə yardım edə bilərik.”
Trampın açıqlamasından dərhal sonra Rusiya son bir ayın ən böyük hava hücumunu həyata keçirib. Ukrayna ordusunun məlumatına görə, Moskva gecə ərzində 270 pilotsuz uçuş aparatı və 10 raket atıb. Zərbələr nəticəsində Poltava bölgəsindəki enerji müəssisələrində iri yanğınlar olub.
Digər tərəfdən, Rusiya 1000 ukraynalı əsgərin cəsədini geri qaytarıb, müqabilində isə 19 rus hərbçisinin cəsədini alıb.
Ukrayna Prezidenti Volodimir Zelenski İSƏ Vaşinqton görüşünü müharibənin dayandırılması istiqamətində böyük irəliləyiş adlandırıb və yaxın vaxtlarda Tramp və Putinlə üçtərəfli görüşə hazır olduğunu bildirib.