Macarıstan Rusiya və Ukraynaya ev sahibliyi etmək istəyir
Macarıstan Rusiya və Ukrayna arasında mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Xarici işlər naziri Peter Siyyarto bildirib ki, Budapeşt iki dəfə belə təklif irəli sürüb və bu gün də təklif qüvvədədir.
Nazirin sözlərinə görə, Macarıstan lazım gələrsə, ədalətli və təhlükəsiz şərait yaradaraq danışıqların uğuruna töhfə vermək niyyətindədir. Siyyarto bu fikirləri hökumət üzvlərinin iştirak etdiyi gündəlik “Facebook” podkastında səsləndirib.
Məsələ, ABŞ mediasında yayılan məlumatlardan sonra aktuallaşıb. Politico nəşrinin yazdığına görə, Ağ Ev Rusiya Prezidenti Vladimir Putin, Ukrayna lideri Volodimir Zelenskiy və ABŞ Prezidenti Donald Tramp arasında mümkün üçtərəfli görüş üçün Budapeşti əsas məkan kimi nəzərdən keçirir. ABŞ Gizli Xidməti isə artıq təhlükəsizlik hazırlıqlarına başlayıb.
Bununla yanaşı, Siyyarto bəzi iddiaları da qəti şəkildə təkzib edib. O, ABŞ Prezidenti Donald Trampın Macarıstan Baş naziri Viktor Orbanla Ukraynanın Avropa İttifaqına üzvlüyü barədə telefon danışığı apardığına dair xəbərləri əsassız adlandırıb. Nazir açıq şəkildə “belə bir danışıq olmayıb” deyib.
Rəsmi məlumatlara görə, Tramp və Orban bu həftə Ukraynanın Avropa İttifaqı ilə danışıqları və Budapeştin mümkün görüşə ev sahibliyi məsələsini müzakirə ediblər.