ABŞ SƏFİRİ FRANSA XİN-Ə ÇAĞIRILIB
Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Parisdəki səfiri Çarlz Kuşneri rəsmi izahat üçün çağıracağını açıqlayıb. Buna səbəb səfirin Fransada antisemitizmə qarşı mübarizənin yetərli olmadığı barədə iddiaları olub.
Kuşner "Wall Street Journal" qəzetində dərc olunan açıq məktubunda Fransa Prezidenti Emmanuel Makronu İsraili tənqidlərini azaltmağa çağırıb və ölkədə yəhudilərə qarşı nifrət dalğasının artdığını bildirib. O, məktubunda sinagogalara və məktəblərə hücumlar, yəhudi bizneslərinə qarşı vandalizm hallarını misal gətirib.
Fransa XİN-in bəyanatında bu ittihamların "qəbuledilməz" olduğu vurğulanıb və Vyana Konvensiyasına əsasən, səfirlərin ölkələrin daxili işlərinə qarışmaq hüququ olmadığı xatırladılıb.
Kuşnerin məktubu İsrail Baş naziri Benyamin Netanyahunun Makrona ünvanladığı oxşar ittihamların ardınca gəlib. Netanyahu Fransa prezidentini Fələstinin dövlət kimi tanınmasını dəstəklədiyinə görə antisemitizmə rəvac verməkdə günahlandırmışdı.
Makron isə cavabında antisemitizmin Fransanın dəyərlərinə zidd olduğunu bəyan edib, eyni zamanda Fələstinin sentyabrda rəsmi tanınacağını açıqlayıb. Prezident deyib ki, bu addım bölgədə təhlükəsizliyin və sabitliyin bərpasına yönəlib.