RUSİYA VƏ UKRAYNA ƏSİR MÜBADİLƏSİ EDİB
Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi baş tutub. Rəsmi Moskva və Kiyev 146 hərbi əsirin qarşılıqlı azad edildiyini açıqlayıb. Mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, azad olunan Rusiya vətəndaşları hazırda Belarus ərazisindədir və onlara tibbi və psixoloji yardım göstərilir. Nazirlik həmçinin qeyd edib ki, Ukrayna tərəfi Moskvaya əlavə olaraq Kursk bölgəsindən səkkiz mülki şəxsi də təhvil verib.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə mübadiləni təsdiqləyib və əksəriyyəti 2022-ci ildən əsirlikdə saxlanılan hərbçilərin geri dönməsindən məmnunluğunu bildirib. Prezident, həmçinin bir jurnalistin də azad edilənlər arasında olduğunu vurğulayıb və BƏƏ-yə təşəkkür edib.
Kiyev hərbi rəhbərliyi açıqlamasında ümumilikdə hər iki tərəfdən 146 əsirin azad olunduğunu təsdiqləyib. Rusiya rəsmiləri isə bəzi Kursk bölgəsi sakinlərinin hələ də qaytarılmadığını və bununla bağlı danışıqların davam etdiyini bildiriblər.