VENESUELA SƏRHƏDƏ 15 MİN ƏSGƏR GÖNDƏRİB
Venesuela hökuməti Kolumbiya ilə sərhəddə təhlükəsizlik tədbirlərini artırır. Prezident Nikolas Maduro “Katatumbo ildırımı” adlı hərbi əməliyyatın Takira və Zulia ştatlarını da əhatə etməsi barədə göstəriş verib.
Daxili işlər naziri Diosdado Kabello bildirib ki, ilk mərhələdə 15 min hərbçi bölgəyə göndəriləcək. Onların əsas vəzifəsi narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək və sərhəd ərazilərində dövlət nəzarətini artırmaq olacaq.
Rəsmi açıqlamaya görə, bölgədə həmçinin təyyarələrin, pilotsuz uçuş aparatlarının və sərhəd çaylarında patrul qayıqlarının sayı artırılacaq. Kabello Kolumbiya hakimiyyətini də sərhəddə cinayətkar qrupların hərəkətinə qarşı daha fəal mübarizəyə çağırıb.
Əməliyyat, ABŞ-la gərginliyin yüksəldiyi bir vaxtda elan olunub. Vaşinqton Latın Amerikasındakı narkokartellərə qarşı tədbirlər çərçivəsində üç hərbi gəmisinin Karib dənizi istiqamətində hərəkət etdiyini açıqlayıb. Lakin gəmilərin bölgəyə dəqiq nə vaxt çatacağı hələlik bəlli deyil.