ALMANİYADAN UKRAYNAYA İLLİK 9 MLRD DƏSTƏK
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Tərəflər Ukraynaya uzunmüddətli maliyyə dəstəyi və təhlükəsizlik zəmanətləri məsələsini müzakirə ediblər.
Klinqbayl bildirib ki, Almaniya hökuməti Avropada liderlik rolunu öz üzərinə götürərək Ukraynaya hər il 9 milyard avro həcmində yardım ayıracaq. Onun sözlərinə görə, dəstək paketləri həm iqtisadi sabitliyi qorumağa, həm də Ukraynanın müdafiə imkanlarını gücləndirməyə xidmət edəcək.
Almaniya rəsmisi həmçinin ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı verdiyi siqnalın mühüm addım olduğunu qeyd edib. Klinqbayl vurğulayıb ki, yekun mexanizmlər Ukrayna ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanmalıdır.
Görüşdə Zelenski də ölkəsinin güclü ordusu və hərbi sənaye istehsalının inkişafının əsas prioritetlərdən biri olduğunu xatırladıb.
Ukrayna ilə bağlı müzakirələr fonunda ölkənin Hərbi Hava Qüvvələri Rusiyanın gecə saatlarında 100-dən çox pilotsuz aparat hücumu həyata keçirdiyini açıqlayıb. Hadisə nəticəsində dağıntı və itki barədə məlumat verilməyib.