ALMANİYA ÇİNLƏ MÜQAVİLƏNİ LƏĞV EDİB
Almaniyanın Hamburq şəhərində yerləşən “Luxcara” şirkəti Şimal dənizində inşa ediləcək 300 meqavatlıq “Waterkant” külək elektrik stansiyası üçün Çin istehsalı turbinlərdən imtina edib. Şirkət bunun əvəzində “Siemens Gamesa”ya məxsus 19 turbin üçün güc rezervasiyası etdiyini açıqlayıb.Qərarın əsas səbəbi eyni şirkətin daha iri – 1,5 giqavatlıq qonşu layihəsində də istifadə edilən avadanlıqla əməliyyat səmərəliliyini təmin etmək kimi izah edilsə də, siyasi və təhlükəsizlik aspektlərinin də nəzərə alındığı qeyd olunub.
Avropa İttifaqı ötən il Çin külək turbinləri istehsalçılarına qarşı bazar təhrifləri ilə bağlı araşdırma başladıqdan sonra, Çin avadanlıqlarının Avropanın enerji infrastrukturuna inteqrasiyası ilə bağlı narahatlıqlar artmışdı. Avropalı rəsmilər və sənaye nümayəndələri bu razılaşmanın Çinə strateji məlumatlara çıxış imkanı verə biləcəyini irəli sürmüşdülər.
Ming Yang şirkəti artıq layihədə iştirak etmədiyini açıqlasa da, Almaniyada fəaliyyətini davam etdirmək və yerli istehsal bazası qurmaq planlarını bəyan edib.
Yeni qərar həm kansler Fridrix Merz hökumətini mümkün diplomatik gərginlikdən xilas edib, həm də Avropanın enerji sektorunda Çin asılılığını azaltmaq istiqamətində mesaj kimi dəyərləndirilir.
“Waterkant” külək parkının 2028-ci ilin sonuna qədər şəbəkəyə qoşulması və təxminən 400 min ev təsərrüfatını elektriklə təmin etməsi planlaşdırılır.