POLŞA LİDERİ QAÇQINLARA YARDIMA VETO QOYUB
Polşanın yeni seçilmiş sağçı prezidenti Karol Navrotski ukraynalı qaçqınlara uşaqlar üçün verilən sosial yardımların genişləndirilməsini nəzərdə tutan qanunu veto edib. Dövlət başçısı bildirib ki, bu imkandan yalnız Polşada işləyən ukraynalılar yararlanmalıdır. Navrotski seçki kampaniyasında “əvvəlcə polyaklar” şüarı ilə çıxış etmiş, əcnəbilərin sosial hüquqlarının məhdudlaşdırılacağını vəd etmişdi. O, mühafizəkar millətçi müxalifət – “Hüquq və Ədalət” partiyasına yaxınlığı ilə tanınır. Partiya da qaçqınlara sosial yardımın yalnız işləyənlərə şamil edilməsini tələb edir.
Hazırda Polşada təxminən 1 milyon ukraynalı müharibədən qaçaraq mühafizə statusu alıb. Onlar aylıq təxminən 180 avro uşaqlara görə müavinət, əlavə uşaqlar üçün isə 117 avro uşaq baxımı yardımı əldə edirlər. Qaçqınların Polşada təhsil və səhiyyədən də pulsuz yararlanmaq hüququ var.Məlumata görə, ölkədə ukraynalı qaçqınların işlə təminat səviyyəsi 65 faizdir ki, bu da Almaniya göstəricilərindən iki dəfə yüksəkdir.