OSLO KİYEVƏ 700 MLN DOLLAR YARDIM EDƏCƏK
Ukrayna lideri Volodimir Zelenski Norveç Baş naziri Yonas Qar Stor ilə görüşüb. Görüşdə Norveçin Ukraynaya 700 milyon dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemləri ayıracağı açıqlanıb. Zelenski bu addımı minlərlə insanın həyatını xilas edəcək mühüm qərar kimi qiymətləndirib.
Stor isə Ukraynanın Avropa üçün fundamental prinsip – sərhədlərin toxunulmazlığı uğrunda mübarizə apardığını qeyd edib. Onun sözlərinə görə, ən mühüm təhlükəsizlik zəmanəti Ukraynanın öz müdafiə imkanlarının bütün istiqamətlərdə gücləndirilməsidir.
Kiyevdə keçirilən Milli Dua Səhərində ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kellog çıxış edərək müharibəyə son qoymaq istiqamətində səylərin davam etdiyini bildirib. Onun sözlərinə görə, hazırda tərəflər üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üzərində iş aparılır.
Kellog Ukrayna və Rusiyanın döyüşlərdə verdiyi itkilərin miqyasının İkinci Dünya müharibəsini belə üstələdiyini vurğulayıb. O, yalnız diplomatik səylərin deyil, ilahi gücün də sülhün bərqərar olmasında mühüm rol oynayacağına inandığını deyib.
Tədbirdə çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin hələ də “yaxşılıqla şərin mübarizəsində” olduğunu bildirib. O, Rusiyanın hücumlarının davam etdiyini, lakin Ukraynanın beynəlxalq dostlarının dəstəyi ilə davamlı sülhə nail olunacağına inandığını qeyd edib.
ABŞ rəsmisinin sözlərinə görə, yaxın günlərdə sülh prosesinin gələcək istiqamətləri ilə bağlı qərar verilə bilər.