ÇİN QƏZZAYA ATƏŞİ DAYANDIRMAĞI TƏLƏB EDİB
Çin Xarici İşlər Nazirliyi Qəzzada İsrailin hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırıb. Nazirlik sözçüsü Guo Jiakun bildirib ki, Pekin xəstəxanaya endirilmiş zərbələr nəticəsində həlak olan tibb işçilərinin və jurnalistlərin ölümünə görə sarsıldığını və hadisəni qətiyyətlə pislədiyini bəyan edir.
Rəsmi məlumata görə, Nasser xəstəxanasına artıcıl zərbələr nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 jurnalist həyatını itirib.
Çin tərəfi mülki şəxslərə qarşı zorakılığı, beynəlxalq hüququn pozulmasını və humanitar obyektlərin hədəfə alınmasını qəbuledilməz adlandırıb.
Almaniya kansleri Frederik Mers isə Brüsseldə Belçika baş naziri Bart de Veverlə birgə mətbuat konfransında bəyan edib ki, İsrail ordusunun jurnalistləri qəsdən hədəf aldığına inanmır. Onun sözlərinə görə, həm İsrail hökuməti, həm də ordu hadisə ilə bağlı hərtərəfli araşdırmaya başlayıb və nəticələr açıqlanana qədər yekun mövqe bildirmək tezdir. Mers əlavə edib ki, Qəzzada vəziyyətə görə İsrailə hərbi təchizat icazələrinin dayandırılması qərarının düzgünlüyünə bir daha əmin olub.
Beynəlxalq qurumların məlumatına görə, 22 ay davam edən münaqişədə indiyədək 189 fələstinli jurnalist İsrail atəşi nəticəsində həyatını itirib. Qəzza Səhiyyə Nazirliyi ümumi ölüm sayının 62 min nəfəri keçdiyini, onların təxminən yarısının qadın və uşaqlar olduğunu açıqlayıb. BMT və müstəqil ekspertlər bu məlumatları ən etibarlı mənbə hesab edir, lakin İsrail rəqəmlərlə razılaşmır və alternativ statistika təqdim etmir.
Müharibə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. Həmin vaxt 1 200-dən çox insan öldürülmüş, 251 nəfər girov götürülmüşdü. Hazırda 50 girov hələ də Qəzzada qalır, onların təxminən 20-sinin sağ olduğu bildirilir.