M.KARNİ:ZELENSKİ MOSKVADA GÖRÜŞ İSTƏMİR
Berlinə rəsmi səfər edən Kanada Baş naziri Mark Karni Almaniya kansleri Fridrix Mers ilə birgə mətbuat konfransı keçirib. Tərəflər Ukrayna və Rusiya prezidentləri arasında gözlənilən görüşlə bağlı mövqelərini açıqlayıblar.
Kansler Mers bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığından sonra liderlərdən belə bir görüşün iki həftə ərzində baş tutacağı gözlənilib. Lakin Putinin ön şərtlər irəli sürməsi həm Ukrayna, həm də Avropa üçün qəbuledilməzdir. Mers vurğulayıb ki, bu, Moskvanın yenidən vaxt uzatmaq siyasətinə işarədir.
Kanslerin sözlərinə görə, əgər iki həftə ərzində Zelenski və Putin arasında razılaşdırılmış görüş baş tutmasa, məsələni Avropa və ABŞ liderləri müzakirəyə çıxaracaq. O, Trampın təşəbbüsü ilə ehtiyac yaranacağı halda üçtərəfli formatda – Putin, Zelenski və Tramp arasında görüşün təşkil edilə biləcəyini də əlavə edib.
Kanada Baş naziri Karni isə Kiyevə son səfəri zamanı Zelenski ilə görüşdüyünü xatırladaraq, Ukrayna liderinin Putini neytral məkanlarda danışıqlara dəvət etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Zelenski nə Moskvaya getməyi, nə də Putini Kiyevdə qəbul etməyi planlaşdırır, lakin üçüncü ölkədə istənilən görüşə açıqdır
Xatırladaq ki, ABŞ prezidenti Tramp ötən həftə Rusiya və Ukrayna liderləri arasında birbaşa sülh danışıqlarının təşkili istiqamətində addımlar atıldığını açıqlamışdı. Lakin Moskva rəsmiləri hələlik belə bir görüşün yaxın vaxtlarda baş tutacağını istisna edirlər.