PEKİN NÜVƏSİZLƏŞMƏ DANIŞIQLARINI RƏDD EDİB
Çin ABŞ və Rusiya ilə nüvəsizləşmə danışıqlarında iştirak etməyəcəyini açıqlayıb. Pekin bildirir ki, bu prosesə qoşulmaq nə “məntiqli”, nə də “realist” deyil.
Mövzu ABŞ Prezidenti Donald Trampın açıqlamasından sonra gündəmə gəlib. Tramp Çin, Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması istiqamətində yeni danışıqlar aparmaq istədiyini bəyan edib.
Lakin Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun deyib ki, nüvə arsenalı baxımından Pekin Vaşinqton və Moskva ilə müqayisə edilə bilməz. Onun sözlərinə görə, ən böyük nüvə ehtiyatına sahib dövlətlər — ABŞ və Rusiya bu istiqamətdə əsas məsuliyyəti daşıyır.
Çin isə öz nüvə qüvvələrinin yalnız milli təhlükəsizliyi təmin etmək üçün “minimum səviyyədə” saxlandığını və heç bir silahlanma yarışına qoşulmadığını vurğulayır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2024-cü il məlumatına görə, ABŞ-ın 3 min 700-dən çox, Rusiyanın isə 4 min 300-dən artıq nüvə başlığı var. Çin isə 500 nüvə silahı ilə müqayisədə xeyli geridə qalır.
Bundan əlavə, Moskva ən yeni “Oreşnik” hipersəs raketlərinin istehsalına başladığını təsdiqləyib. Kreml bu raketlərin nüvə başlıqları daşıya biləcəyini və yaxın vaxtlarda Belarusda yerləşdiriləcəyini bəyan edib.