QƏZZADA SUTKA ƏRZİNDƏ 78 NƏFƏR ÖLÜB
İsrail hərbi qüvvələri Fələstinin eksklav ərazisi Qəzza Zolağı - Qəzza şəhərində hərbi əməliyyatların əhatə dairəsini genişləndirib.
Hərbi komandanlıq şəhərin mərkəzini ələ keçirmək və, təxminən, bir milyon fələstinlini cənuba köçürmək planını açıqlayıb.
Əməliyyatlar zamanı son sutkada 78 nəfər, o cümlədən, acından 32 nəfər ölüb.
Qəzzalılar İsrail ordusunun yaşayış məhəllələrində “partlayıcı robotlardan” istifadə etiyini bildiriblər.
Onların sözlərinə görə, son üç həftə ərzində mülki ərazilərdə 80-dən çox belə cihaz partladılıb.
Müşahidəçilər bildiriblər ki, Qəzza şəhəri və anklavın şimalında yaşayan bir milyondan çox fələstinli dağıntılara və aclığa baxmayaraq, məcburi köçürülmə və etnik təmizləmə siyasətinə boyun əyməkdən imtina edir.
Qeyd edək ki, İsrail Qəzzanı HƏMAS-a qarşı əməliyyatları əsas gətirərək bombalayır.
2 ilə yaxındır ki, davam edən bombardmanda ölənlərin ümumi sayı 63 mini ötüb.
Ölənlərin əksəriyyəti mülkilərdir.
İsrail ilə HƏMAS arasında qarşıdurmaların fəal mərhələsi HƏMAS-ın İsrailə hücum edərək 1200 nəfəri öldürməsi və 251 nəfəri girov götürməsindən sonra başlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu 2023-cü il 7 oktyabrda baş verən hadisələrin bir daha təkrarlanmaması üçün HƏMAS-ın döyüş qabiliyyətini tamamilə iflic etməli olduqlarını deyib.
Qəzzada müharibə milyonlarla yerli sakinin evlərini tərk etməsinə, aclığa səbəb olub.