RUSİYA VƏ HİNDİSTAN LİDERLƏRİ GÖRÜŞÜB
Hindistanın baş naziri Narendra Modi və Rusiya prezidenti Vladimir Putin Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüb. Sammitin əsas iclasında iştirakdan sonra baş tutan görüşdə regional sabitlik və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.Rusiya prezidentini yüksək vəzifəli nümayəndələrdən ibarət geniş heyət müşayiət edib. Rusiya mediasının məlumatına görə, tərəflər rəsmi danışıqlardan əvvəl təxminən bir saat ərzində Putinin adətən xarici səfərlərdə istifadə etdiyi “Aurus” markalı limuzində təkbətək söhbət aparıblar.
Putin danışıqların əvvəlində Modi-ni “əziz dostum” sözləri ilə salamlayaraq Moskva ilə Yeni Dehlinin münasibətlərini yüksək qiymətləndirib. “Rusiya və Hindistan onilliklərdir xüsusi münasibətlərə malikdir. Dostluq və qarşılıqlı etimad əsasında formalaşan bu münasibətlər gələcək əməkdaşlığımızın da təməlidir”, – deyə Rusiya prezidenti bildirib.
Modi isə görüş zamanı Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasına yönəlmiş sülh təşəbbüslərini alqışlayaraq, tərəfləri konstruktiv addımlar atmağa çağırıb.
Qeyd edək ki , Bu görüş ABŞ prezidenti Donald Trampın Hindistandan idxal olunan mallara əlavə 25 faiz gömrük rüsumu tətbiq etməsindən cəmi bir neçə gün sonra baş tutub. Bununla da Hindistan məhsullarına tətbiq olunan ümumi tariflər 50 faizə yüksəlib. Ağ Evin bu qərarı Yeni Dehlinin Rusiya neftini endirimlə almaqda davam etməsinə cavab kimi qiymətləndirilir.Vaşinqton dəfələrlə bəyan edib ki, Hindistanın Rusiya xam neftini alması Moskvanın gəlirlərini artırır və Ukraynada döyüşlərin maliyyələşdirilməsinə şərait yaradır. Yeni Dehli isə idxalı 1,4 milyard əhalinin artan enerji tələbatının ödənilməsi üçün zəruri addım kimi müdafiə edir.