CAKARTADA ETİRAZ AKSİYASINDA 7 NƏFƏR ÖLÜB
Birləşmiş Millətlər Təşkilatının insan haqları ofisi İndoneziyada artan zorakılıq və etirazlardan sonra dialoqun vacibliyini vurğulayıb.
Son günlərdə ölkədə deputatların yüksək mənzil ödənişləri ictimai qəzəbə səbəb olub.
Məlumatlara görə, parlamentin 580 üzvünün hər biri aylıq 50 milyon rupiyə, yəni təxminən 3 min ABŞ dolları məbləğində mənzil pulu alır. Bu isə Jakartadakı minimum əməkhaqqından on dəfə çoxdur. Əlavə imtiyazlara görə cəmiyyətin narazılığı dərinləşib və kütləvi etirazlara yol açıb.
Etirazlar zamanı azı yeddi nəfər ölüb, min iki yüzdən çox insan saxlanılıb. Paytaxt Jakartada başlayan toqquşmalar bir neçə şəhərə yayılıb. Etirazçılar polis idarələrini, regional parlament binalarını yandırıb, küçələrdə maşınlar dağıdılıb.
Xüsusilə 21 yaşlı gənc sürücü Affan Kurniawanın ölümü ictimai hiddəti artırıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun etiraz zamanı polis maşını tərəfindən vurularaq həyatını itirdiyi əks olunub.
Prezident Prabovo Subianto təhlükəsizlik qüvvələrinə sərt tədbirlər görməyi əmr edib və Çinə nəzərdə tutulan rəsmi səfərini təxirə salıb. Xarici ölkələrin səfirlikləri və konsulluqları vətəndaşlarına etirazlardan uzaq durmaq barədə xəbərdarlıq yayıb.
BMT rəsmiləri hökuməti ictimai narazılığı dialoq yolu ilə həll etməyə, həmçinin zorakılıq və insan hüquqları pozuntuları ilə bağlı müstəqil araşdırma aparmağa çağırıb.