ÇİN HƏRBİ PARADLA GÜCÜNÜ NÜMAYİŞ ETDİRDİ
Çin paytaxtı Pekində İkinci Dünya müharibəsinin sona çatmasının 80-ci ildönümü münasibətilə möhtəşəm hərbi parad keçirilib. Tədbirə Çin lideri Si Cinpin rəhbərlik edib.
Paradda Çin Silahlı Qüvvələrinin ən müasir texnologiyaları – qitələrarası ballistik raketlər, qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, dəniz və quru əsaslı strateji silahlar nümayiş etdirilib. Tədbir çərçivəsində səma üzərindən hərbi aviasiya bölmələri – döyüş təyyarələri və helikopterlər də uçuşlar həyata keçirib. Çin rəsmilərinin bildirdiyinə görə, nümayiş olunan hərbi texnikanın əksəriyyəti ilk dəfə ictimaiyyətə təqdim olunub.
Çin lideri Si Cinpin çıxışında ordunun “dünya səviyyəli” orduya çevriləcəyini bildirib. O vurğulayıb ki, Silahlı Qüvvələr ölkənin “böyük dirçəlişi” üçün strateji dayağa çevrilməlidir.
Parad həm ölkə daxilində milli qürur hissini gücləndirməyi, həm də beynəlxalq ictimaiyyətə Pekinin hərbi qüdrətini göstərməyi hədəfləyir. TƏDBİRDƏ Azsərbaycan prezidenti İlham Əliyev, Şimali Koreya lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti də olub. Həmçinin Cənub-Şərqi Asiya, Afrika və Cənubi Asiya ölkələrindən bir sıra liderlər də tədbirə qatılıb.
Lakin ABŞ və Qərbi Avropa dövlət başçıları, eləcə də Yaponiya, Hindistan və Cənubi Koreya liderləri paradda iştirak etməyib. Analitiklər bunu Pekinin hərbi güc nümayişinə ehtiyatla yanaşan ölkələrin siyasi mesajı kimi qiymətləndirirlər.
Paradın əsas məqsədi Çin əhalisində milli qürur hissini gücləndirmək və ölkənin hərbi qüdrətini beynəlxalq ictimaiyyətə göstərmək olub. Bununla yanaşı, ekspertlər hesab edir ki, Çin ordusunun sürətli modernləşməsi region ölkələri və ABŞ üçün narahatlıq yaradır.
Bu, Çində 2019-cu ildən bəri keçirilən ilk böyük hərbi parad kimi tarixə düşüb.