AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MOSULDA QƏDİM QƏBİRİSTANLIQ AŞKARLANIB

  • + A
  • - A
  • Bu gün, 07:19

    MOSULDA QƏDİM QƏBİRİSTANLIQ AŞKARLANIB

    İraqın şimalında, Mosul Su Anbarının suları geri çəkildikcə qədim yaşayış məskənləri ilə yanaşı, Hellenistik dövrə aid qəbiristanlıq da üzə çıxıb.

    Duhok Qədim Abidələr və İrs İdarəsinin arxeoloqları suyun çəkildiyi ərazidə 40 qəbir aşkar ediblər. Onların gil qəbirlərdə, eyni istiqamətdə düzülməsi, təxminən 2300 il əvvələ aid olduqlarını göstərir.

    Qazıntılara rəhbərlik edən Bekas Brifkani bildirir ki, qəbiristanlıq iki hissəyə bölünür: yuxarı hissə böyüklər, aşağı hissə isə uşaqlar üçün nəzərdə tutulub.

    Arxeoloqların sözlərinə görə, bəzi qəbirlərdə yalnız sümüklər qalıb, bəzilərində isə bürüncdən hazırlanmış məişət əşyaları və bilərziklər də tapılıb.

    Mütəxəssislər vaxt məhdudiyyətindən narahatdırlar. Çünki suyun səviyyəsi hər an yenidən qalxa bilər və tapıntılar tam tədqiq olunmadan suyun altında qala bilər. Ona görə də qazıntı qrupu gündə 12 saat çalışaraq aşkar edilən nümunələri Duhok Muzeyinə köçürməyə çalışır.

    Yerli sakinlər isə qədim qəbiristanlıq haqqında atalarından eşitdiklərini deyirlər. Su anbarının yaxınlığında yaşayanlar həmçinin içməli su qıtlığından, kənd təsərrüfatı və balıqçılıq təsərrüfatlarına dəyən zərərdən şikayətlənirlər.

    BMT-nin məlumatına görə, İraq iqlim dəyişikliyi və səhralaşmanın təsirlərinə ən çox məruz qalan beş ölkədən biridir. Son illər azalan yağıntılar, həmçinin Türkiyə və digər ölkələrin Dəclə və Fərat çaylarında su axınını azaltması vəziyyəti daha da ağırlaşdırır.

    Mosul Su Anbarı ölkənin ən böyük hidroqovşağı olmaqla, həm elektrik enerjisi, həm də suvarma üçün həyati əhəmiyyət daşıyır. Lakin bu il İraq son 90 ilin ən quraq dövrünü yaşayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR