TÜRKİYƏDƏ MEDİA HOLDİNQİ MÜSADİRƏ OLUNUB
Türkiyədə prokurorluğun qərarı ilə Can Holding-in tabeliyində olan 121 şirkətə, o cümlədən Habertürk və Show TV telekanallarına dövlət nəzarəti tətbiq olunub.
Küçükçekməce Baş Prokurorluğunun açıqlamasında qeyd olunur ki, aparılan istintaq nəticəsində şirkətlərin fəaliyyətində dələduzluq, vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı faktlar aşkarlanıb. Araşdırmalara görə, qanunsuz mənbədən əldə edilən vəsaitlər müxtəlif şirkətlər vasitəsilə dövriyyəyə buraxılıb və mənşəyi gizlədilib.
Məlumata əsasən, saxta sənədlərdən istifadə etməklə vergi öhdəliklərinin azaldıldığı da müəyyən olunub. İstintaq çərçivəsində holdinqin rəhbər şəxsləri daxil olmaqla 10 nəfər barəsində həbs qərarı çıxarılıb.
Hadisə ilə bağlı media qurumlarının fəaliyyəti isə hazırda davam edir. Habertürk telekanalı bu gün səhər saatlarında adi rejimdə yayımını həyata keçirib.
Hadisə fonunda, beynəlxalq təşkilatlar Türkiyədə media azadlıqlarının məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını bir daha gündəmə gətiriblər. Sərhədsiz Reportyorlar təşkilatının 2024-cü il hesabatına əsasən, ölkə 180 dövlət arasında 158-ci yerdədir və təxminən 90 faiz media hökumətin təsiri altındadır.