POLŞA HAVA MƏHDUDİYYƏTLƏRİ TƏTBİQ EDİB
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş parlamentdə çıxışı zamanı ölkənin hava məkanının Rusiya tərəfindən 19 dəfə pozulduğunu açıqlayıb. Onun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya 458 hava hücum vasitəsindən istifadə edib, onların 415-i pilotsuz uçuş aparatı olub.
Nazir bildirib ki, dronların bir qismi Brıansk, Kursk, Oryol, Krasnodar və Krımdan buraxılıb. Polşa ordusu ilk hava məkanı pozuntusunu gecə saatlarında qeydə alıb. Axtarış tədbirləri nəticəsində 19 drondan 16-nın qalıqları tapılıb.
Kosinyak-Kamyş hadisə zamanı insan tələfatı qeydə alınmadığını, yalnız bir binanın zərər gördüyünü vurğulayıb. O, Rusiyanın əsas məqsədinin NATO-nun reaksiyasını və birliyini sınaqdan keçirmək olduğunu deyib.
Polşa Ukrayna və Belarusla sərhədlərində hava məhdudiyyətləri tətbiq edib. Polşa Hava Naviqasiya Agentliyi bildirir ki, bu qərar Silahlı Qüvvələrin əməliyyat komandanlığının müraciəti əsasında qəbul olunub və dekabrın 9-dək qüvvədə qalacaq.
Yeni qaydalara əsasən, gecə saatlarında yalnız hərbi, dövlət və təcili aviasiya uçuşlarına icazə verilir, mülki pilotsuz uçuş aparatlarının fəaliyyəti isə tam qadağan olunub.
Hadisə ilə bağlı Varşava Şopen Hava Limanı da daxil olmaqla dörd hava limanı müvəqqəti bağlanıb, uçuşlarda ciddi gecikmələr qeydə alınıb.
Polşa NATO-nun 4-cü maddəsini işə salaraq alyans daxilində təhlükəsizlik məsləhətləşmələri prosedurunu başladıb. Rusiya isə ittihamları rədd edərək Polşa ərazisini hədəfə almadığını iddia edib.