ABŞ BMT-NİN QƏTNAMƏSİNİ VETO EDİB
ABŞ altıncı dəfə BMT Təhlükəsizlik Şurasında Qəzzada müharibənin dayandırılması və girovların azad edilməsi ilə bağlı qətnaməni veto edib. Vaşinqtonun BMT-dəki nümayəndəsi Morgan Ortagus sənədin HƏMAS-ı qınamadığını və İsrailin özünü müdafiə hüququnu tanımadığını bildirib. Onun sözlərinə görə, müharibə yalnız HƏMAS-ın silahı yerə qoyması və girovları azad etməsi ilə başa çata bilər.
Qətnamə 15 üzvdən 14-nün dəstəyini qazanıb, ABŞ isə yeganə “əleyhinə” səs verib. Rəsmi Təl-Əviv veto qərarını alqışlayıb, Amnesty International isə bunu “tarixi məsuliyyətsizlik” adlandırıb. Təşkilat ABŞ-ı İsrailin Qəzzada on minlərlə mülki şəxsin ölümünə gətirib çıxaran hərbi əməliyyatlarını dəstəkləməkdə günahlandırıb.
Digər tərəfdən, Böyük Britaniya, Avstraliya və Kanada Fələstin dövlətini rəsmən tanıdıqlarını açıqlayıb. Qərar ABŞ və İsrailin etirazlarına baxmayaraq, Fələstin rəsmiləri tərəfindən “tarixi gün” və “xalqın mübarizəsinin qələbəsi” kimi dəyərləndirilib.
Fələstin Xarici İşlər Nazirliyinin siyasi müşaviri Əhməd Əl-Dik açıqlamasında bu addımı həm Fələstin xalqının, həm də Böyük Britaniya krallığının tarixi uğuru kimi xarakterizə edib.
Qərar, simvolik xarakter daşısa da, tarixi əhəmiyyət kəsb edir. Çünki bir əsr əvvəl Böyük Britaniya mandat dövründə həmin ərazilərin idarəsində mühüm rol oynamış və 1917-ci il Balfur Bəyannaməsi vasitəsilə İsrail dövlətinin əsasının qoyulmasına şərait yaratmışdı.
Hazırda dünyada 140-dan çox ölkə Fələstin dövlətini tanıyıb. Bu həftə keçiriləcək BMT Baş Assambleyasında isə Fransanın və bir sıra digər Avropa ölkələrinin də oxşar addım atması gözlənilir.
İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edəcəyini və ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib. Onun sözlərinə görə, İsrail beynəlxalq ictimaiyyətə öz “həqiqətlərini” və “ədalətli mübarizəsini” təqdim edəcək.
Qəzzada isə hərbi əməliyyatlar davam edir. Son hücumlarda azı 34 nəfərin, o cümlədən uşaqların həyatını itirdiyi açıqlanıb. BMT humanitar vəziyyətin kəskin pisləşdiyini bildirir və beynəlxalq ictimaiyyəti təcili tədbir görməyə çağırır.Son məlumatlara görə, Qəzzada ölənlərin sayı 65 min nəfəri keçib. Şəhər tamamilə dağıntılar içindədir, aclıq və humanitar böhran dərinləşir. İsrail isə məsuliyyəti HƏMAS-ın üzərinə atır və humanitar yardımların qarşısının məhz onlar tərəfindən alındığını iddia edir.