DOMİNİKANDA KOKAİN ƏLƏ KEÇİRİLDİ
Dominikan Respublikasının hakimiyyət orqanları açıqlayıb ki, ABŞ donanmasının məhv etdiyi katerdən 377 paket kokain ələ keçirilib. Qayıq ümumilikdə min kiloqram narkotik daşıyırdı və hadisə Beata adasından 80 dəniz mili aralıda baş verib.
Rəsmi məlumatlara görə, kater Dominikan sahillərinə yan alaraq ölkəni ABŞ-a narkotik daşınmasında tranzit məntəqə kimi istifadə etmək istəyirdi. Əməliyyatda Dominikan donanması da ABŞ qüvvələri ilə əməkdaşlıq edib.
Tramp administrasiyasının göndərdiyi hərbi gəmilər bölgədə son günlər üç kateri məhv edib. ABŞ rəsmiləri bu zərbələr nəticəsində onlarla şəxsin öldüyünü təsdiqləyib.
Lakin insan haqları təşkilatları əməliyyatları kəskin tənqid edir və bunları “qeyri-qanuni edam” adlandırır. ABŞ Konqresində demokrat senatorlar da administrasiyanın bu addımlarının qarşısını almağa çalışır.
Vaşinqton iddia edir ki, vurulan katerlərin bir neçəsi Venesueladan yola çıxıb. Prezident Nikolas Maduro ittihamları rədd edir və Karib dənizindəki əməliyyatları ölkəsinə qarşı hücum kimi qiymətləndirir.