VYETNAMDA DAŞQIN VƏ SÜRÜŞMƏLƏR OLUB
Keçmiş Bualoi tayfununun təsiri ilə davam edən güclü yağışlar Vyetnamda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Rəsmilər bildiriblər ki, ölənlərin sayı 19-a çatıb, azı 13 nəfər, o cümlədən səkkiz balıqçı hələ də axtarılır.
Vyetnamın milli hava agentliyinin məlumatına görə, son 24 saat ərzində bəzi bölgələrdə 30 santimetrdən çox yağış yağıb. Agentlik güclü yağışların qarşıdakı günlərdə də davam edəcəyini bildirib və vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Uzunmüddətli yağışlar nəticəsində sel və torpaq sürüşmələri yolları bağlayıb, kənd və icmaları təcrid vəziyyətinə salıb.Təbii fəlakətdən ən çox Şimalda yerləşən Son La və Lao Cai, həmçinin mərkəzi Nghe An əyalətləri zərər görüb.
Sübh saatlarında Yen Bai əyalətindən keçən Thao çayı təhlükə səviyyəsini keçərək evlərə 1 metrə qədər su dolmasına səbəb olub. Yerli hakimiyyət təxliyə işlərinə başlayıb.
Paytaxt Hanoidə bir çox küçə və yollar su altında qalıb. Rəsmilər Qırmızı Çayın sahilində yaşayan insanlara təhlükəsizlik tədbirləri görməyi tövsiyə ediblər.
Mütəxəssislərin fikrincə, qlobal istiləşmə bu kimi tropik fırtınaların daha güclü və yağışlı olmasına səbəb olur. İstiləşən okean suları daha çox enerji, daha intensiv küləklər və yağıntılarla nəticələnir, bu da Şərqi Asiyada yağıntı rejiminə ciddi təsir göstərir.
Bualoi tayfunu bazar ertəsi səhəri Vyetnam sahillərinə çıxaraq burada ləngiyib və bu da təbii fəlakətin miqyasını artırıb. Qeyd edək ki, bu tayfun Filippində də azı 20 nəfərin ölümünə səbəb olub.