MANÇESTERDƏ SİNAQOQA HÜCUMDA 2 NƏFƏR ÖLÜB
İngiltərənin Mançester şəhərində baş verən silahlı hücum nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb. Heaton Park bölgəsində yerləşən ortodoksal sinaqoqda qeydə alınan hadisə yəhudi təqviminin ən müqəddəs günü olan Yom Kippur günü baş verib.
Polisin məlumatına görə, hücum edən şəxs əvvəlcə avtomobilli insanların üzərinə sürüb, daha sonra bıçaqla hücuma keçib. Silahlı şəxs polis qüvvələri tərəfindən hadisə yerində zərərsizləşdirilib. Araşdırma zamanı müəyyən edilib ki, hadisəni törədən şəxs Suriya əsilli 35 yaşlı Britaniya vətəndaşı Cihad Əl-Şamindir. Hücum zamanı onun üzərində partlayıcı qurğuya bənzər kəmər olsa da, araşdırmalar zamanı müəyyən edilib ki, bu real partlayıcı deyil.
İngiltərənin Baş naziri Kir Starmer hadisəni "antisemit nifrətdən qaynaqlanan terror hücumu" adlandırıb. O, ölkədəki bütün yəhudi icmalarının qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyini bəyan edib.
BMT-nin Baş katibi Antonio Quterreş hücumu qınayaraq, ibadət yerlərinin toxunulmazlığını və din azadlığının vacibliyini vurğulayıb. O, həmçinin dünyada artmaqda olan antisemitizmə qarşı beynəlxalq ictimaiyyətin birgə mübarizə aparmasının zəruriliyini də qeyd edib.
Qeyd edək ki, Britaniyada son illərdə İsrail ilə HƏMAS arasında gedən döyüşlər fonunda anti-semitik insidentlərin sayı artıb. İndiyədək 1500-dən çox insident qeydə alınıb.