FİLİPPİNDƏ BU İLİN 16-CI TROPİK SİKLONU OLUB
Filippinlərin şimalına daxil olan Matmo tayfunu ölkənin bir sıra bölgələrində fövqəladə hallara səbəb olub. İsabela vilayətində yerləşən Dinapiq şəhərinə 130 km/saat sürətli küləklərlə çatan tayfun, kənd təsərrüfatı əraziləri və torpaq sürüşməsi riski olan dağlıq bölgələrdə təxliyələrə səbəb olub.
Ölkənin təhsil və dəniz nəqliyyatı sahələrində tədbirlər görülüb — məktəblərdə dərslər təxirə salınıb, balıqçılıq və yük gəmilərinin təhlükəli sularda hərəkətinə qadağa qoyulub. Tayfunun Cənubi Çin dənizinə daxil olaraq Çinin Haynan adası və Guandun vilayətinə doğru hərəkət edəcəyi gözlənilir.
Matmo tayfunu bu il Filippinləri vuran 16-cı tropik siklondur. Ölkə coğrafi mövqeyinə görə ildə təxminən 20 tayfun və fırtına ilə üzləşir və eyni zamanda aktiv seysmik zonada yerləşdiyindən zəlzələ riski yüksəkdir.
Tayfun, bu həftənin əvvəlində 6.9 bal gücündə zəlzələ baş verən Cebu bölgəsinə təsir etməyəcək.
Qeyd edək ki,Həmin zəlzələ nəticəsində azı 72 nəfər həlak olub, 550-dən çox insan xəsarət alıb. 5000-dən çox evin dağılması səbəbilə sakinlər parklar və açıq sahələrdə gecələyiblər.
Hökumət həm təbii fəlakətlərə, həm də humanitar yardımlara paralel şəkildə cavab verməyə çalışır.