ABŞ SENATI HÖKUMƏTİN AÇILMASI ÜÇÜN RAZILAŞMA ƏLDƏ EDƏ BİLMƏDİ
ABŞ Senatı hökumətin yenidən açılması üçün təqdim edilən büdcə layihələrini beşinci dəfədir ki qəbul edə bilməyib. Həm Demokratlar, həm də Respublikaçılar tərəfindən irəli sürülən təkliflər 60 səs baryerini keçə bilməyib.
Demokratların rəhbərlik etdiyi büdcə layihəsi 45-50, Respublikaçıların alternativ təklifi isə 52-42 səslə rədd edilib. Nəticədə, federal hökumət artıq beş gündür qismən bağlı qalır və minlərlə dövlət qulluqçusu ya ödənişsiz məzuniyyətdədir, ya da maaş almadan işləməyə davam edir.
Prezident Donald Tramp səsvermədən əvvəl növbəti uğursuzluq halında kütləvi ixtisarların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Səsvermədən sonra Tramp sosial şəbəkədə çıxış edərək Demokratları hökumətin bağlanmasına görə günahlandırıb və onları səhiyyə siyasətində güzəştə getməyə çağırıb.
Demokratlar, aşağı gəlirli amerikalılar üçün tibbi sığorta subsidiyalarının davam etməsini və Medicaid proqramına edilən kəsintilərin ləğvini tələb edirlər.
Qeyd edək ki, Medicaid, Amerikada federal və ştat hökumətləri tərəfindən birgə maliyyələşdirilən dövlət tibbi sığorta proqramıdır. Bu proqram aztəminatlı insanlar, uşaqlar, hamilə qadınlar, yaşlılar və əlilliyi olan şəxslər də daxil olmaqla, tibbi xidmətlərə ehtiyacı olan milyonlarla Amerikalıya sağlamlıq sığortası təqdim edir. Respublikaçılar isə bu məsələlərin hökumət yenidən fəaliyyətə başladıqdan sonra ayrıca müzakirə olunmasını istəyirlər.
Ağ Ev hökumətin bağlı qalmasının daimi ixtisarlara səbəb ola biləcəyini bəyan edib. Hər iki partiya bir-birini siyasi maraqlar naminə güzəştə getməməkdə günahlandırır. Son sorğular göstərir ki, ictimaiyyətin əksəriyyəti bu vəziyyətə görə hər iki partiyadan narazıdır.