D.TRAMPIN MİLLİ QVARDİYANI ÇİKAQOYA GÖNDƏRMƏSİ NARAZILIQLA QARŞILANIB
Oktyabrın 6 da İllinoys ştat rəhbərliyi Prezident Donald Trampın Çikaqoya Milli Qvardiya əsgərləri göndərməsinin qarşısını almaq üçün məhkəməyə müraciət edib. Bu addım Demokratların rəhbərlik etdiyi ştatlarla Respublikaçı administrasiya arasında gərginliyi daha da artırıb. Hazırda ölkənin üçüncü ən böyük şəhəri olan Çikaqoda federal hökumət tərəfindən sərt immiqrasiya nəzarəti tədbirləri həyata keçirilir.
İllinoys Qubernatoru Cey Bi Prisker bildirib ki, ştatdan 300, Texasdan isə 400 hərbçinin Çikaqoya göndərilməsi planlaşdırılıb. Prisker Texas qubernatoru Qreq Abbotu bu prosesin qarşısını almağa çağırıb.
Çikaqo meri Brendon Conson Tramp administrasiyasını yerli rəhbərliklə əməkdaşlıq etməməkdə günahlandırıb. “Bizə nə hərbçilərin harada olduğu, nə nə vaxt gələcəkləri, nə də konkret vəzifələrinin nə olduğu barədə heç bir məlumat verilməyib,” – deyə Conson keçirdiyi mətbuat konfransında bildirib.
Conson Trampın bu addımını “konstitusiyaya zidd, qeyri-qanuni və təhlükəli” adlandırıb: “Federal hökumət nəzarətdən çıxıb. Bu, ölkə tarixində ən təhlükəli dövrlərdən biridir. Əgər Konqres prezidentə nəzarət edə bilmirsə, o zaman mən edəcəyəm,” – deyə o bildirib.
Hazırda Texasdan olan Milli Qvardiya əsgərləri Çikaqodan 89 kilometr cənub-qərbdə yerləşən Elvudşəhərindəki ABŞ Ordusunun Ehtiyat Mərkəzində yerləşdirilir. məlumatlara görə həmin ərazidə Texas nişanlı hərbi formalar geymiş əsgərlərin olduğunu, fövqəladə hallar üçün avadanlıq gətirildiyini bildirib.
Tramp administrasiyası Çikaqoda sərt immiqrasiya tədbirləri həyata keçirsə də, göndərilən hərbçilərin konkret missiyası hələlik açıqlanmayıb. Ştat rəhbərliyi Trampın bu addımını “İllinoys ştatına qarşı uzun müddətdir elan etdiyi müharibə” kimi qiymətləndirir və federal hakimi müdaxiləyə çağırır. Məhkəmə dinləməsinin oktyabrın 9 da keçirilməsi planlaşdırılır.