Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ətrafında hakim AKP ilə müxalif CHP arasında mübarizə davam etməkdədir. Dünən gecədən başlayaraq AKP-nin istəyi ilə İstanbulun bir sıra rayonlarında səslər təkrar sayılmaqdadır. Lakin bu saatlara olan məlumatlara görə nəticələrdə ciddi dəyişiklik baş verməyib və CHP-nin namizədi Əkrəm İmamoğlu 21 minə yaxın səs fərqi ilə AKP-nin namizədi Binəli Yıldırımı üstələyir.
Səslərin təkrar sayılması İstanbulun 20 rayonunda etibarsız hesab edilmiş səslər üzrə aparılır, Çatalca rayonu üzrə isə bütün səslər təkrar sayılmaqdadır.
Etibarsız hesab edilmiş səslərin yenidən sayılmasının nəticəsində bəzi seçki məntəqələri üzrə Yıldırımın səsləri cüzi artıb, lakin bir sıra məntəqələrdə nəticələr İmamoğlunun xeyrinə dəyişib. Bir sıra məntəqələrdə isə nəticələr dəyişməz qalıb.
Bununla belə AKP-yə bağlı media İstanbul, hətta Ankara üzrə nəticələrin şübhəli olduğu barədə rəy formalaşdırmağa çalışır. Hətta işə FETÖ-nu da daxil etmək cəhdləri müşahidə olunur. Belə ki, “Star” qəzeti İstanbulda İmamoğlunun qələbəsinin “FETÖ-nun gizli dəstəyi” sayəsində baş tutmuş ola biləcəyini irəli sürür. Qəzet iddia edir ki, fətullahçılar seçki komissiyalarında “asanlıqla təşkilatlana bilərdirlər”. Bu səbəbdən qəzet bütün səsləri yenidən sayıb hesablamağa, habelə prokurorları “görəvə” çağırır.
Sosial şəbəkələrdə isə İstanbul seçki dairəsinin rəhbəri Müberra Gürdalın həyat yoldaşı Mehmet Gürdalın FETÖ-çu olduğu üçün “prokurorluq orqanlarından xaric edildiyi” irəli sürülüb. Lakin Müberra Gürdal açıqlama yayaraq bildirib ki, onun əri prokurorluq orqanlarından hələ 2004-cü ildə pensiyaya çıxıb və FETÖ-çu ittihamı ilə işdən çıxarılan şəxs onun əri deyil. Ad-soyadı üst-üstə düşür. Gürdal bu iddiaları yayanları məhkəməyə verəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.