AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın xarici işlər naziri BBC sualları qarşısında aciz qaldı – VİDEO

  • + A
  • - A
  • 29-10-2019, 10:36

    Ermənistanın xarici işlər naziri BBC sualları qarşısında aciz qaldı – VİDEO

    Ermənistanda ötən il yeni islahatçı hökumətin qurulmasından sonra həqiqətən də nəsə dəyişibmi?

    Stiven Sakur Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla söhbətləşib.

    “Hard Talk” verlişində xoş gördük. Mən Stiven Sakuram. Kiçik dövlət olan Ermənistan düşmənçiliyin və gərginliyin olduğu Qafqaz regionunda böyük strateji əhəmiyyətə malikdir. Ötən il burada xalq etirazları nəticəsində “məxməri inqilab” baş verib. Nəticədə Yerevanda yeni hökumət formalaşdırılıb. Bugünkü qonağım islahatlar haqda iddialı danışan bu hökumətin xarici işlər naziri Zohrab Mnatsakanyandır. Beləliklə, Ermənistan iqtisadi-siyasi sahədə ilham mənbəyini Şərqdə, yoxsa Qərbdə axtarır?

    – Deyirsiniz ki, söhbət institusional quruculuqdan gedir və bu, zaman aparacaq. Bunu hər kəs anlayır. Digər tərəfdən, “məxməri inqilab”dan sonra real dəyişikliklərin baş verdiyini söyləmək üçün başqa əlamətlər axtarırıq. Məsələn, ölkənizlə qonşu Azərbaycan arasındakı mübahisəli Dağlıq Qarabağ regionu uğrunda yaranmış, bu gün pat vəziyyətində olan münaqişənin həllilə bağlı dəyişikliyin olub-olmadığına nəzər yetirməliyik. Şəxsən mən hökumətinizin bu münaqişənin həllilə bağlı yeni ideya, yanaşma təklif etdiyini görməmişəm.

    – Təşəkkür edirəm. Baxın, inqilabdan, yəni ölkə daxilində məqsədlərimizə çatdıqdan sonra, bizim xarici siyasətlə bağlı prioritetlərimiz olduğuna şübhə qalmadı. Bizim xarici siyasətdəki prioritetlərimiz daimidir. Söhbət Ermənistanın milli təhlükəsizliyinin dayanıqlı olmasından gedir. Dağlıq Qarabağ münaqişəsi isə Ermənistanın və xalqımızın təhlükəsizliyinə böyük təhdiddir. Bu, bizim üçün ilk növbədə həmvətənlərimizin, 150 minlik həmvətənimizin təhlükəsizliyilə bağlı məsələdir. Odur ki, hökumətimiz prosesə tərəddüd etmədən, dərhal və konstruktiv mövqe ilə qoşulub. Sülhün bizə verəcəyi üstünlükləri tam anlayırıq. Odur ki, sülh istəyirik, buna nail olmaq niyyətindəyik.

    Lakin bizim nail olmaq istədiyimiz sülhdə tərəflərin bərabər qəbul edə biləcəyi öhdəliklər dəstəklənir. Nəticədə bizim üçün əsas məsələ Dağlıq Qarabağ xalqının statusu və təhlükəsizliyidir.

    – Mənə sülh istədiyinizi deyirsiniz. O zaman izah edin, Ermənistanın baş naziri bir neçə ay əvvəl, yəni bu ilin avqustunda niyə çox iddialı danışırdı? O, tam aydın tərzdə bəyan edib ki, “Qarabağ Ermənistandır və nöqtə”.

    – Doğrudur.

    – Və o, sülh istəyir?

    – Baş nazir həqiqətən də sülh istəyir. Məhz bu üzdən deyir ki, münaqişənin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz Azərbaycandan Dağlıq Qarabağ xalqının təhlükəsizliyi, bununla bağlı narahatlığımız, bizim maraqlarımızla bağlı mesaj gözləyirdik. Lakin onlar bundan boyun qaçırdılar.

    – Sizinlə səmimi danışmalıyam. Baş nazir “Qarabağ Ermənistandır və nöqtə” deyən zaman, hər halda, bu bəyanatın beynəlxalq hüquqa, BMT-nin və bütün müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu bilirdi. Odur ki, bu bəyanatın necə sülhə doğru addım olduğuu təsəvvür etməkdə çətinlik çəkirəm. Üstəlik, baş nazir bu fikri birləşmə ilə bağlı nəğmələrin oxunduğu, millətçi şüarların səsləndiyi mitinqdə, kütlənin qarşısında söyləyib. Biz bu şüarları 1980-1990-cı illərdə, Azərbaycanla müharibə zamanı eşitmişdik. İndi mənə deyirsiniz ki, baş naziriniz sülh istəyir?

    – Çünki Dağlıq Qarabağla bağlı narahatlıq Ermənistanın, bütün ermənilərin gündəmindədir. Ermənistan dövləti bütün ermənilərin həmrəyliyi ilə bağlı proqram hazırlayır. Dağlıq Qarabağ xalqı da bu proqramdan kənarda deyil. Biz təkcə Ermənistanda yaşamırıq, həm də dünyanın digər ölkələrində yaşayırıq.

    – Amma beynəlxalq hüququ qəbul etməlisiniz…

    – Dağlıq Qarabağ da bizim həmvətənlərimizin yaşadığı ərazilərdəndir…

    – Ermənilərin bu torpaqlarda yaşadığına heç kəs şübhə etmir. Amma bu ərazilər Ermənistanın deyil.

    – Xeyr. Mən Dağlıq Qarabağda həmvətənlərimizin yaşadığından danışıram. Biz onların təhlükəsizliyini təmin edirik, onların təhlükəsizliyinə zəmanət verən yeganə dövlətik. Lakin sülh prosesinə də sadiqik. Sülh prosesinin əsas prioriteti isə Dağlıq Qarabağın təhlükəsizliyi və statusudur. Odur ki, bu prosesə sadiqik və ondan yayınmırıq.

    – Bir dəqiqə, imkan yaradın ki, sualımı verim. Rusiya sizin ən yaxın hərbi müttəfiqinizdir və onun Ermənistanda hərbi bazası var. Bununla yanaşı, Rusiya ilə uzun müddətdir ki, birgə fəaliyyət göstərirsiniz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan baş nazirinin bir ay əvvəlki açıq və qeyri-adi sözlərindən sonra bildirib ki, tərəflərin verdiyi bəyanatlardan ən ciddisi – “Qarabağ Ermənistandır” bəyanatıdır. O deyib ki, “bu, Albaniya baş nazirinin Tiranadan Kosovo Albaniyadır deməsinə bənzəyərdi”. Beləliklə, hətta ruslar belə, mövqeyinizin qəbuledilməz olduğunu deyir…

    – Yenə təkrar edirəm, Ermənistanın baş naziri hər zaman təkidlə bildirir ki, bizim Azərbaycandan kompromislə bağlı mesaj almamız lazımdır. Lakin bunu görmürük. Baş nazir “sülhün Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmasının zəruriliyi” haqda danışdıqda, hökumətimiz tənqidlərə məruz qalır. Amma biz təkid edirik. Hesab edirik ki, çıxış yolu öhdəliklərin bərabər bölünəcəyi kompromisin tapılmasıdır. Baş nazir həmin çıxışında Dağlıq Qarabağ probleminin həllilə bağlı ayrıca danışıb. Bu, münaqişənin kompromislər əsasında həll edilməli olduğuna dair yanaşmamıza uyğundur.

    – Bu münaqişə ilə bağlı bir neçə ağrılı məsələ var. Onlar 1980-ci illərdə meydana gəlib və bu günədək həll edilməyib. Hesab edirəm ki, “dalan”dan çıxmaq üçün yaradıcı yanaşmaya ehtiyac var. Beləliklə, ortaya yarıdıcı yanaşma qoymağa, barışıq ruhuna uyğun olaraq, erməni hərbi birləşmələrinin ötən illərdə çox ciddi zorakalıqlara yol verdiyini qəbul etməyə hazırsınızmı? BMT, Avropa İttifaqının İnsan Hüquqları Məhkəməsi silahlı qüvvələrinizin zorakılıq əməlləri haqda qərarlar qəbul edib, “Amnesty International” kimi müstəqil təşkilatlar da bu haqda məlumatlar verib. Əgər yeni hökumətin rəhbərliyi altında vəziyyəti dəyişmək istəyirsinizsə, “bəli biz keçmişdə törətdiyimiz zorakılıqlara görə məsuliyyət daşıyırıq” deməyə hazırsınızmı?

    – Siz məsələni bir qədər təhrif edirsiniz. Ermənistan, ermənilər Dağlıq Qarabağın təhlükəsizliyinin yeganə zəmanətçiləridir. Dağlıq Qarabağ xalqı üçün təhlükəsizlik tədbirlərimiz var.

    – Xahiş edirəm suala cavab verin.

    – Mən bunu edirəm. Biz məsuliyyət daşıyırıq. Amma biz təhlükəsizliyin zəmanətçisi rolunu oynayırıq. Danışıqlara da buna görə qoşulmuşuq və bununla bağlı parametrləri biz müəyyən edirik…

    – Sualıma cavab vermirsiniz. Bir daha cəhd edəcəyəm. “Human Right Watch” təşkilatının 1995-ci ildə hazırladığı böyük hesabatda deyilir ki, Ermənistan Respublikasının dəstəklədiyi erməni hərbi birləşmələri müharibənin həmin dövründə törədilmiş əksər zorakılıqlara görə cavabdehlik daşıyır. 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanla bağlı 12 ittiham irəli sürmüşdü. Onlardan 11-i Ermənistanın Avropa İttifaqı İnsan Hüquqları Konvensiyasını pozduğunu göstərir. Sualım belədir: “Bəli, keçmişdə səhvlər olub, zorakılıqlar edilib və biz, həmçinin Azərbaycan baş verənlərdən təəssüflənməli, sülh arayışında olmalıdır” deməyə hazırsınızmı?”

    – Bəli, dorğudur. Bu, irəliləyişə nail olmağın bir yoludur. Lakin biz bu gün eyni zamanda, əsas prioritetin, yəni insanların təhlükəsizliyinin təmin edilməsinin yolunu tapmalıyıq.

    – Yəni hərbçilərinizin keçmişdə etdikləri bəzi şeylərə görə peşmansınız, ya yox?

    – 1990-cı illərin əvvəllərində elə vəziyyət yaranmışdı ki, Dağlıq Qarabağ əhalisinin 40%-i öldürülmüş, onun ərazisinin 40%-i nəzarət altına alınmışdı. Orada zorakılıqlar, ən qəddar zorakılıqlar törədilmişdi. Elə vəziyyət yaranıb ki – xahiş edirəm, fikrimi bitirməyimə imkan verin – Azərbaycan hökuməti erməniləri öldürmüş şəxsi qəhrəmanlaşdırıb. Yaxın keçmişdə, yəni 2016-cı ildə Azərbaycan Dağlıq Qarabağa təcavüzə etməyə cəhd göstərmişdi. Odur ki, bu, bizim təhlükəsizliklə bağlı hislərimizi daha da gücləndirir. Sizin xüsusi sualınıza gəlincə, bəli, biz birlikdə irəli getməliyik. Hamı. Lakin konstruktiv yol tapmaq üçün danışıqlarda bütün tərəflər iştirak etməlidir. Baş nazirin söylədiyi məhz budur. Yəni münaqişənin həlli hər kəs üçün məqbul olmalıdır. Odur ki, biz Azərbaycandan mesaj gözləyirik. Bu, bizi irəli addımlamağa ilhamlandıra bilər.

    – Bu münaqişə ilə bağlı son sual. Oktyabrın 17-də Azərbaycan hökuməti Ermənistan silahlı qüvvələrini təmas xəttində atəşkəsi 20 dəfə pozmaqda ittiham edib. Yeni hərbi toqquşmanın baş verməsi mümkündürmü?

    – Biz də fikrimizi məhz buna cəmləmişik. Bildiyiniz kimi, yeni hökumət olaraq danışıqlar prosesinə cəlb olunduqdan sonra müəyyən inam yarada bilmişik. Nəticədə atəşkəs rejiminin pozulması halları da azalıb. Bu, məqsədimizin ciddiliyinin göstəricisidir. Fikrimizi atəşkəs rejiminin möhkəmləndirilməsinə cəmləmişik. Bu, bizim üçün prioritetdir. Azərbaycan hökuməti və Dağlıq Qarabağ rəhbərliyilə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Bu, danışıqlar prosesinin çox vacib hissələrindən biridir.

    (İngilis dilindən tərcümə – WorldMedia.Az)

    Mənbə: BBC


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR